Ru
16:30 / 15 Sentyabr 2026

Azərbaycanda xarici onlayn xidmətlərə vergi nəzarəti güclənir – Qiymətlər qalxacaq?

Azərbaycanda xarici onlayn xidmətlərə vergi nəzarəti güclənir –  Qiymətlər qalxacaq?
Eye

Nazirlər Kabineti 30 oktyabr 2023-cü il tarixli qərarı ilə təsdiqlənmiş "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi Qaydası"nda dəyişiklik edilib.

"Bakupost" xəbər verir ki, bununla bağlı, baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentlər alıcısı Azərbaycanda olan iş və xidmətlərin təqdim edilməsindən dövriyyəsi təqvim ili ərzində 10 000 ABŞ dollarının manat ekvivalentini keçdikdən sonra 30 gün müddətində elektron qaydada vergi uçotuna alınmalıdır. Dövriyyəsi 10 min ABŞ dollarının manat ekvivalentindən aşağı olan qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması isə könüllü olaraq həyata keçiriləcək.

Bu addım nəyə gətirib çıxaracaq? Onun hansı müsbət və mənfi tərəfləri ola bilər?

İqtisadçı Xalid Kərimli “Bakupost”a bildirib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi bu qərarın ölkənin rezident sahibkarlarına, rezident onlayn xidmətləri göstərənlərə heç bir təsir və aidiyyəti yoxdur.

Ekspertin sözlərinə görə, əksinə, bu qərar həmin şəxslərin rəqabət vəziyyətini eyniləşdirir:

“Qeyri-rezident şəxslərə münasibətdə belə bir məhdudiyyətin olmaması Azərbaycan daxilində vergi ödənmədən öz xidmətlərini satmaq imkanı yaradırdı. Yerli rezident xidmət göstərən şəxslər isə ölkə daxilində bütün vergiləri ödəmək məcburiyyətində olduğuna görə, rəqabət aparmaqda çətinlik çəkirdilər. Bu baxımdan 10 min dollarlıq dövriyyənin qoyulmasının təsiri ancaq qeyri-rezident elektron xidməti təşkil edənlərə aiddir. Yəni xarici sahibkarlar ölkəmizdə gəlir əldə edirsə, vergi ödəmələri, vergi rejiminin yerli sahibkarlarla eyni olması da tamamilə məntiqlidir”.

Müsahibimizə görə, burada əsas məqam odur ki, iri qeyri-rezident şəxslər Azərbaycan bazarı kiçik olduğundan həmin addımdan sonra burada fəaliyyətdə maraqlı olmaya bilərlər:

“Qərarın əsas riskli tərəfi məhz budur. Nəticədə iri qeyri-rezident şəxslərin ölkəmizdə fəaliyyət göstərmək istəkləri azala bilər”.
X. Kərimli bildirir ki, həmin inzibatçılığın həyata keçirilməsi bu platformaların xidmətlərinin qiymətinin artmasına da gətirib çıxara bilər: “Nəticədə bu xidmətdən istifadə edən yerli şəxslərin xərcləri də arta bilər”.

Qərarın faydalı tərəflərinə gəldikdə, həmsöhbətimiz qeyd edir ki, nəticədə həmin sahə üzrə ölkədə rəqabət mühiti yaxşılaşacaq:
“Yerli sahibkarlarla bərabər şərtlər formalaşacaq və dövlətin vergi gəlirlərinin bazası genişlənəcək”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar