Sentyabrın 1-dən su obyektlərindən xüsusi istifadə ödənişli olacaq. Belə ki, sənaye məqsədilə Xəzər dənizindən götürülən 100 m3 suya görə 0.4 manat, çay və göllərdən götürülən 100 m3 suya görə 4 manat, yeraltı sulardan götürülən 100 m3 suya görə 40 manat ödəniş müəyyənləşdirilib.
Bundan başqa, Xəzər dənizinə axıdılan 100 m3 tullantı suyu üçün 1 manat, çay və göllərə axıdılan 100 m3 tullantı suyu üçün 4 manat nəzərdə tutulur.
Yeni qaydaların mahiyyəti nədir?
Bakupost.az xəbər verir ki, Globalinfo.az-a danışan sabiq maliyyə naziri Fikrət Yusifov ölkədə su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair yeni qaydalar və tariflər müəyyənləşdirildiyibi bildirib.
“Əslində, bu istiqamətdə ilk addım 2025-ci il 18 dekabr tarixində atılıb. Həmin tarixdə Azərbaycan Prezidenti İlham Əliyev “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə edilməsi qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb. Bunun əsasında Nazirlər Kabineti 2026-cı il 14 aprel tarixində müvafiq qərar qəbul edib”.
Sabiq nazirin sözlərinə görə, bu qərarın əsas məqsədi ölkənin su ehtiyatlarından daha səmərəli və qənaətli istifadəni təmin etməkdir:
“Proqnozlara görə, 2027-2030-cu illərdə dünyada su qıtlığının daha da dərinləşəcəyi gözlənilir. Buna görə də Azərbaycan da indidən su ehtiyatlarının qorunması və düzgün idarə olunması istiqamətində tədbirlər həyata keçirir. Xüsusilə yeraltı sular üçün daha yüksək tarifin müəyyənləşdirilməsi təsadüfi deyil. Bu yanaşma həmin strateji ehtiyatlardan yalnız zəruri hallarda istifadəni stimullaşdırmağa xidmət edir. Məqsəd odur ki, mümkün olduğu hallarda sənaye və digər təsərrüfat sahələrində daha çox şirinləşdirilmiş dəniz suyundan və çay sularından istifadə olunsun, yeraltı su ehtiyatları isə gələcək nəsillər üçün qorunsun.
Bütövlükdə, bu dəyişikliklər ölkədə həyata keçirilən su idarəçiliyi islahatlarının tərkib hissəsidir. Sentyabrın 1-dən qüvvəyə minəcək yeni tariflər həm su ehtiyatlarının daha səmərəli istifadəsinə, həm də bu sahədə dövlət siyasətinin qarşıya qoyduğu məqsədlərə nail olunmasına xidmət edəcək”.