Azərbaycan Texniki Universitetində (ATU) uzun illər dosent vəzifəsində çalışmış Sadiq Xəlilovun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edib.
"Bakupost" Musavat.com-a istinadla xəbər verir ki, iddiaçı işə götürənin əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin ləğv edilməsini, əvvəlki vəzifəsinə bərpa olunmasını, onunla müddətsiz əmək müqaviləsi bağlanmasını və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini tələb edib.
Məhkəmə materiallarına əsasən, Sadiq Xəlilov 2014-cü il tarixli əmrlə 2014/2015-ci tədris ilinin sonunadək əmək müqaviləsi əsasında ATU-nun “Fizika” kafedrasına dosent vəzifəsinə qəbul edilib. Onun aylıq əmək haqqı elmi-pedaqoji stajının 20 ildən yuxarı olması nəzərə alınmaqla ştat cədvəlinə uyğun müəyyən edilib. Həmçinin “Əməkdar müəllim” fəxri adına görə nəzərdə tutulan müavinətin ödənilməsi qərara alınıb.
Elə həmin il - 2014-cü il tarixli əmrlə Sadiq Xəlilovun “Fizika” kafedrasının dosenti vəzifəsinə keçirilməsi ilə bağlı müsabiqədən uğurla keçdiyi hesab edilib.
İş materiallarından görünür ki, 2019-cu il tarixli əmrlə kafedrada dərs yükünün azalması ilə əlaqədar iddiaçı həmin ildən 2019/2020-ci tədris ilinin sonunadək 0,75 ştat dosent vəzifəsinə keçirilib. Həmin ilin sentyabrında isə digər əmrlə onun tutduğu vəzifə üzrə yenidən tam ştata keçirilməsi qərara alınıb.
Universitetin Elmi Şurasının 2019-cu il tarixli iclas protokolunda yaşı 70-dən yuxarı olan professor-müəllim heyətinə, o cümlədən müsabiqə yolu ilə seçilmiş şəxslərə, bir ştatdan artıq, 75 yaşdan yuxarı professor-müəllim heyətinə isə illik müqavilə əsasında 0,5 ştatdan artıq dərs yükünün verilməməsi barədə qərar qəbul edildiyi göstərilib.
Bundan sonra Sadiq Xəlilovun əmək münasibətləri hər tədris ili üzrə müəyyən müddətli müqavilələrlə davam edib.
Belə ki, 2020-ci il tarixli əmrlə o, 2020/2021-ci tədris ilinin sonunadək “Fizika” kafedrasına 0,75 ştat dosent vəzifəsinə qəbul edilib və aylıq əmək haqqı 712,5 manat müəyyənləşdirilib. Həmin əmək müqaviləsi 2021-ci il tarixinədək qüvvədə olub.
Müddətin başa çatması ilə əlaqədar 2021-ci il tarixli əmrlə iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilib. Ardınca əmrlə Sadiq Xəlilov 2021/2022-ci tədris ilinin sonunadək “Mühəndis fizikası və elektronika” kafedrasına dosent vəzifəsinə qəbul olunub. Onun aylıq əmək haqqı 950 manat müəyyən edilib.
Bu əmək müqaviləsi də müddətli olub və 2022-ci il tarixinədək qüvvədə olub.
Növbəti illərdə də iddiaçı ilə müddətli əmək müqavilələri bağlanıb. 2022-ci il tarixli əmrlə o, 2022/2023-cü tədris ilinin sonunadək “Mühəndis fizikası və elektronikası” kafedrasına dosent vəzifəsinə qəbul edilib. Həmin əmək müqaviləsinə də müddətin başa çatması ilə 2023-cü il tarixdə xitam verilib.
Məhkəmə materiallarına görə, ATU ilə Sadiq Xəlilov arasında 2023-cü il tarixdə növbəti əmək müqaviləsi bağlanıb. Müqaviləyə əsasən, iddiaçı “Mühəndis fizikası və elektronikası” kafedrasının dosenti vəzifəsinə qəbul edilib. Tərəflərin qarşılıqlı razılığı əsasında müqavilə 1 il 11 ay 21 gün müddətinə bağlanıb.
Müqavilənin şərtlərinə əsasən, Sadiq Xəlilova hər ay 1 600 manat əmək haqqı ödənilib, əsas məzuniyyət müddəti isə 56 təqvim günü müəyyən edilib.
Bundan əlavə, 2023-cü il tarixli əmrlə onun 2023/2024-cü tədris ilinin sonunadək dosent vəzifəsinə qəbul edilməsi rəsmiləşdirilib və həmin əmək müqaviləsinin 2024-cü il tarixinədək qüvvədə olduğu göstərilib. 2025-ci ildə isə iddiaçıya 56 təqvim günü müddətinə əmək məzuniyyəti verilib.
Daha sonra 2025-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə və universitetin Nizamnaməsinin 4.11-ci bəndinə əsasən, onunla bağlanmış əmək müqaviləsinə müddətin başa çatması ilə əlaqədar 2025-ci il tarixdən xitam verilib.
Daha sonra Sadiq Xəlilov Yasamal Rayon Məhkəməsinə üz tutub. İddiaçı işəgötürənin 2025-ci il tarixli “işçinin əmək müqaviləsinə xitam verilməsi” barədə əmrinin ləğv edilməsini, dosent vəzifəsinə bərpa olunmasını və cavabdehlə müddətsiz əmək müqaviləsinin bağlanılmasını istəyib. Bundan başqa, aylıq əmək haqqının 1 600 manat olması nəzərə alınmaqla 2025-ci il tarixdən məhkəmə aktının icra ediləcəyi günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının birdəfəlik ödənilməsini tələb edib.
İddiaçı həmçinin mediasiya prosesi üçün ödədiyi 50 manat rüsumun cavabdehdən tutulmasını xahiş edib.
ATU iddiaya etiraz edərək Sadiq Xəlilovun əmək müqavilələrinin müddətli bağlanmasından xəbərdar olduğunu bildirib. Etirazda qeyd olunub ki, hər bir əmək müqaviləsi ayrıca hüquqi sənəd olmaqla müstəqil qiymətləndirilməlidir və müqavilələrin müddəti başa çatdıqda onlara qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilib.
Cavabdehin mövqeyinə görə, əmək müqaviləsinin qüvvədə olduğu müddətdə iddiaçı öz əmək fəaliyyətini davam etdirib, məzuniyyət dövründə də əmək münasibətləri qüvvədə olub. Əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab aparılıb və istifadə olunmamış məzuniyyətə görə müvafiq ödənişlər həyata keçirilib.
ATU həmçinin müqavilənin müddətinin başa çatması ilə bağlı bildirişin elektron qaydada təqdim edildiyini qeyd edib. Etirazda bildirilib ki, ali təhsil müəssisələrində professor və kafedra müdiri kimi vəzifələrin qanunvericiliyə uyğun olaraq müəyyən müddətə tutulması mümkündür.
Cavabdeh iddiaçının əmək müqaviləsinə xitam verilməsinin yaş həddi və ya hər hansı qərəzli münasibətlə bağlı olmadığını vurğulayıb.
Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə Sadiq Xəlilovun iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilib.
İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını istəyib.
Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılıb.
Bundan sonra Sadiq Xəlilov vəkili vasitəsilə kassasiya şikayəti verib. Ali Məhkəmə kassasiya şikayətini araşdıraraq onun təmin edilməməsi barədə qərar qəbul edib, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılıb.
Beləliklə, Sadiq Xəlilovun işə bərpa, müddətsiz əmək müqaviləsinin bağlanılması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və digər tələbləri təmin edilməyib.