Güney Azərbaycanda Süngün mis yatağının talan edilməsini dilə gətirən rəsmiyə hücum edilib.
Bakupost.az xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, münaqişə Süngün Mis yatağında təxminən 3 trilyon tümən dəyərində zərərin ifşa edilməsindən sonra baş verib.
Güney Azərbaycan Mis Molibden Şirkətinin İdarə Heyətinin üzvü İran Milli Mis Sənayesi Şirkətinin illik iclasında Vərzəqandakı Süngün yatağında keçən il baş vermiş yanğın səbəbilə 3 trilyon tümən zərərin dəydiyini açıqlayıb. Güney Azərbaycanın sərvətlərinin talanmasına etiraz edən şəxs bundan sonra şifahi və fiziki hücumlara məruz qalıb.
Qeyd edək ki, Süngün-Vərziqan mis mədəni Yaxın Şərqin ən böyük mis mədənidir və İranın mis istehsalının 60 faizi bu nəhəng mədənin ehtiyatlarından əldə edilir. İran hökuməti Güney Azərbaycanda bu mədəndən mis külçə istehsalının qarşısını alıb, onun xam torpağını Kermana daşıyır və orada külçəyə çevirir. Bu nəhəng Azərbaycan mədənindən əldə edilən gəlir də İranın mərkəzi hissəsindəki Fars əyalətlərinə xərclənir.
Asena,
BakuPost