Dələduzluqda ittiham olunan Azərbaycanın Sankt-Peterburuqdakı sabiq Baş konsulu Sultan Qasımovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
"Bakupost" Teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra Sultan Qasımovun vəkili Sevil Məmmədova cinayət işinin ibtidai istintaqa qaytarılması barədə vəsatət verib. Bildirib ki, müvəkkilin müdafiə hüquqi pozulub. Dövlət ittihamçısı Rauf Malışov vəsatətin təmin olunmamasını istəyib.
Zərərçəkən qismində Anton Zayatsın vəkili Ağalar Quliyev də vəsatətlə çıxış edib. O, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirin seçilməsini istəyib. Bildirib ki, təqsirləndirilən şəxs şahidlərin ifadələrinə təzyiq göstərə bilər, həmçinin zərərçəkmişin 191 min manatdan çox ziyan vurub və ziyanı ödəmək üçün təşəbbüs göstərilməyib. Vəkil həbs qətimkan tədbirinin seçilməsi məsələsinə hazırkı mərhələdə baxılmasını istəyib.
Sultan Qasımov isə Anton Zayatsın vəkili ilə razı olmadığını bildirib.
Daha sonra hakimlər hazırlıq iclasının qərarını açıqlayıb. Qərara görə, vəsatətlər təmin olunmayıb, cinayət işi məhkəmə baxışına verilib.
Məhkəmə baxışı oktyabrın 13-ə təyin olunub.
İttihama görə, sabiq Baş konsul Sultan Qasımovun barəsində cinayət işi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində araşdırılıb.
Məlum olub ki, zərərçəkənlərə 200 min manatdan çox məbləğdə ziyan dəyib. Zərərçəkən qismində Anton Zayats və Faiq Mikayılov tanınıb. Ümumi ziyanın bir qismi istintaq dövrü ərzində ödənilib.
Sultan Qasımov Rusiyada yaşayan vətəndaşa torpağı hərrac yolu ilə alacağı barədə vəd verib.
Bundan əlavə, digər zərərçəkənə isə qızılı hava yolu ilə başqa ölkəyə keçirəcəyi ilə bağlı söz verib.
Ona Cinayət Məcəlləsinin 12.1. 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla xarici ölkə ərazisində törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Sultan Qasımov 2009-cu ildə Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının ilk Baş konsulu təyin olunub, 2016-cı ildə isə Baş konsul vəzifəsindən geri çağırılıb. O, 3 may 2016-cı ildə Azərbaycanın Sankt-Peterburq şəhərində Baş konsul vəzifəsinə təyin edilib. O, 2024-cü il oktyabrın 21-də isə bu vəzifədən geri çağırılıb.
Sultan Qasımov Azərbaycan Prezidentinin keçmiş mətbuat katibi Azər Qasımovun qardaşıdır. Azər Qasımov 2025-ci ildə vəzifəsindən azad edilib.