Bir qrup səyyah Rusiyanın Kamçatka bölgəsində baş verən təbii fəlakət səbəbindən çıxılmaz vəziyyətdə qalıb.
“Bakupost” xəbər verir ki, bu barədə Azərbaycan vətəndaşı, təcrübəli səyyah Tatyana Dolivets məlumat yayıb.
O bildirib ki, bir neçə gündür turist qrupu ilə Kamçatkanın Tapçibaşik ərazisində, Kleşnya düşərgəsində yolun dağılması və ərazinin su altında qalması nəticəsində çarəsiz vəziyyətdədirlər.
Tatyana Dolivets ərazidən geri qayıda bilmədiklərini və ərzaqlarının cəmi bir günə çatacağını bildirərək aidiyyəti qurumlardan təcili kömək istəyib:
“Yol dağılıb, 30 kilometrlik geri qayıtma yolu su ilə yuyulub. Çay məcrasından çıxıb və geri qayıtmaq artıq mümkün deyil.
Qrupumuz 16 nəfərdən ibarətdir. Biz “Ural” markalı avtomobildəyik. Bundan başqa, burada təxminən 100 nəfər də böyük torpaqla əlaqəsi kəsilmiş vəziyyətdədir. Ərzağımız yalnız bir günə çatacaq.
Xahiş edirəm, aidiyyəti xidmətlərin məsələyə qoşulmasına kömək edin ki, Rusiya FHN-in (MÇS) qüvvələri mümkün qədər tez müdaxilə etsin. Burada Çin, Belarus, İsrail və Rusiya vətəndaşları da var.
Azərbaycanda hansı qurumlara müraciət etməli olduğumu və kömək ümidi olub-olmadığını bilmirəm. Mənim internetim yoxdur. Biz əlaqənin olduğu yeganə yerə gedərək bu mesajı göndərməyə tələsirik. Mümkündürsə, səfirliyin, Turizm Nazirliyinin, FHN-in və ya digər aidiyyəti qurumların məsələyə qoşulmasını təmin edin. Məqsəd odur ki, Rusiya FHN-i mümkün qədər tez reaksiya versin. Mən sizə cavab verə bilməyəcəyəm, çünki internetim olmayacaq”.
Lalə Novruz,
BakuPost