Oktyabrın 1-dən etibarən Xorvatiyada restoran və kafelərdə yemək və içkilərin qiymətlərinin göstərilməsi ilə bağlı yeni qayda qüvvəyə minib.
"Bakupost" xəbər verir ki, yeni qaydaya əsasən, menyuda məhsulun hazırkı qiyməti ilə yanaşı, “istinad qiyməti” də göstərilməlidir. Bu, həmin yemək və ya içkinin 2026-cı il sentyabrın 10-da qüvvədə olan qiymətidir.
Məsələn, hazırda bir fincan qəhvənin qiyməti 4 avrodursa, menyuda onun yanında sentyabrın 10-da tətbiq olunan qiymət də qeyd edilməlidir. Düzdür, bütün hallarda müştəri yalnız hazırkı qiyməti ödəyəcək. İkinci qiymət isə məhsulun dəyərindəki dəyişiklikləri müqayisə etmək üçün nəzərdə tutulub.
Tələb yalnız çap menyularına şamil edilmir. Restoranların internet saytlarında və yemək-içkilərin qiymətlərinin göstərildiyi küçə reklamlarında da hər iki qiymət qeyd olunmalıdır.
Qaydaları pozanlar cərimələnəcəklər. Ayrı-ayrı hallarda cərimənin məbləği 2 min avroya yaxın, bəzi şirkətlər üçün isə 27 min avroyadək ola bilər.
Restoran sahibləri yeni qaydaya qarşıdırlar. Zaqreb Restoran Sahibləri Assosiasiyasının rəhbəri Frans Letika iki qiymətin müştəriləri çaşdıra biləcəyini və restoranlarda anlaşılmaz vəziyyətlər yarada biləcəyini bildirib. Onun sözlərinə görə, menyularda əlavə məlumatların göstərilməsi həm biznes, həm də müştərilər üçün əlavə yük yaradır.
Xorvatiya hakimiyyəti isə yeni tələbin əsas məqsədinin qiymətlərin şəffaflığını təmin etmək və istehlakçıların hüquqlarını qorumaq olduğunu bildirir.
Anoloji addımın Azərbaycandakı restoran və kafelərə tətbiqi mümkündürmü?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov
“Bakupost”a bildirib ki, Xorvatiyada bundan əvvəl digər sahələrdə də anolooji siyasət yürüdülüb:
“İndi isə məsələ restoranlarla bağlı olaraq gündəmə gəlib. Qiymətlərin iki cür göstərilməsi bir neçə məna daşıyır. İlk növbədə bu addım istehlakçılar üçün əhəmiyyətlidir. İstehlakçılar hansı restoran və ya kafedə qiymət tendensiyasının necə dəyişdiyini görəcək və nəticədə seçimlərini daha rasional edə biləcəklər. Bu fonda hökumət qiymət siyasətinə qarışmasa da, tendensiyanın necə gedəcəyinə nəzarət edə biləcək. Belədə iqtisadi cəhətdən dövlətin nəzarət mexanizmi daha təkmil olar. Ən başlıcası isə bununla şəffaflıq daha qabarıq şəkildə özünü büruzə verəcək. Bu şəffaflıq isə istehlakçının seçim hüququnun daha rasional olmasına gətirib çıxarır”.
Amma ekspert Azərbaycanda anoloji addımın atılmasını mümkün hesab etmir:
“Belə bir məsələnin Azərbaycanda tətbiq ediləcəyini hələlik gözləmirəm. Çünki biznes qurumları barədə ərkösöyün obrazı yaradılıb. Proses “kim kimi necə aldadır, aldatsın, təki vergi versin” prinsipi üzərində qurulub”.
Müsahibimizin sözlərinə görə, nə qədər ki, hökumətin istehlakçı siyasəti bərbad vəziyyətdədir, 1995-ci ildə qəbul edilən “İstehlakçıların Hüquqlarını Müdafiəsi Haqqında” qanun dəyişməyib, prosesdə irəliləyiş olmayacaq:
“Milli Məclisdə 20-dən çox hüquqşünas olsa da, onlardan heç biri qanunun dəyişməsi barədə məsələ qaldırmayıb. İqtisadçılar biznesdən-insandan pul soyan mexanizmlərin inkişafından danışsalar da, nəhayət deputat Əli Məsimli istehlakçı hüquqlarından da danışıb. Biznes qurumlarının istehlakçını aldatmaq cəhdlərinə hökumət hansı yolla olursa-olsun müdaxilə edib, onun qarşısını almalıdır”.
Rüfət Sultan,
BakuPost