Ötən gün paytaxtın Binəqədi rayonu, Bakı-Sumqayıt şosesində, “Şamaxinka” tunelinin çıxışında hərəkətdə olan avtomobillərdən biri qəfil alışaraq yanıb.
Hadisədən sonra sosial şəbəkələrdə yanğının səbəbi ilə bağlı müxtəlif ehtimallar səsləndirilib. Bəzi istifadəçilər avtomobilə sonradan quraşdırılan qeyri-standart avadanlıqların və elektrik sisteminə müdaxilələrin buna səbəb ola biləcəyini iddia ediblər.
Bəs avtomobillər hansı hallarda yanır? Sürücülər nələrə diqqət etməlidir?
Mövzu ilə bağlı
“Bakupost”a danışan qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bildirib ki, avtomobillərin alışma riskini üç əsas səbəblə izah etmək olar. Onun sözlərinə görə, ilk risk qrupu elektrik sisteminə düzgün olmayan müdaxilə edilmiş avtomobillərdir:
“Bəzi sürücülər avtomobilə zavod istehsalı olmayan əlavə işıqlar, led sistemləri və digər avadanlıqlar quraşdırırlar. Bu zaman naqillərin yükü artır, düzgün qoşulmadıqda isə qısaqapanma baş verə bilər. Xüsusilə işıq sisteminə müdaxilə peşəkar olmayan şəxslər tərəfindən edildikdə təhlükə daha da artır”.
Aqil Rəhimov ikinci risk qrupuna köhnə avtomobilləri aid edib:
“10-15 il istismar olunan maşınlarda elektrik naqilləri aşınır və nəticədə qısaqapanma yaranır. Xüsusilə yağışlı hava şəraitində elektrik sistemində yaranan problemlərdən yanğın hadisələri baş verir”.
Ekspert vurğulayıb ki, üçüncü risk qrupuna isə elektrik avtomobilləri daxildir.
“Bu nəqliyyat vasitələrində batareyalar mexaniki zədələnməyə məruz qaldıqda yanğın baş verə bilər. Çünki batareyalar maşının altındadır və mexaniki zədə olma şansı çoxdur. Ən qorxulusu budur ki, bu yanğınların söndürülməsi adi avtomobillərlə müqayisədə praktik olaraq mümkünsüzdür. Ancaq tam alışıb yanandan sonra alov dayanır”.
Lalə Novruz,
BakuPost