Ru
16:45 / 19 May 2026

Bakı-Tiflis qatarı: Biletlər bahalaşacaq?

Bakı-Tiflis qatarı: Biletlər  bahalaşacaq?
Eye

“26 maydan Bakı-Tiflis-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası barədə razılığa gəlinməsi birmənalı şəkildə sevindirici xəbərdir”.

Bakupost.az xəbər verir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, bu marşrut ilk növbədə insanlar arasında ailə əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək:

“Vaxtilə Gürcüstanda yaşayıb sonradan Azərbaycanda həyat qurmuş soydaşlarımız, eləcə də ailə üzvləri və yaxınları Gürcüstanda yaşayan insanlar üçün bu marşrut böyük əhəmiyyət daşıyır. Uzun illərdir tez-tez gedib-gəlmək məcburiyyətində qalan insanlar üçün bu xətt ciddi rahatlıq yaradacaq. Turizm və biznes səfərləri baxımından da vacib addımdır”.

İqtisadçı qeyd edib ki, hazırda hava nəqliyyatının qiymətləri bir çoxları üçün əlçatan deyil:

“Qatar isə daha münasib, rahat və əlçatan nəqliyyat vasitəsidir. Xüsusilə orta gəlirli insanlar üçün bu marşrut uzun müddətdir gözlənilən ehtiyac idi.

Bakı-Tiflis xətti regionun iqtisadi və sosial inteqrasiyası baxımından da mühüm əhəmiyyət daşıyır. Orta Dəhliz üzərində əlaqələndirici rolun güclənməsi, Azərbaycan və Gürcüstanın tranzit və bağlantı imkanlarının genişlənməsi baxımından bu addım strateji xarakter daşıyır. Dəmir yolu xəttinin yenidən fəaliyyətə başlaması ticarətə, xidmət sektoruna və regionda ümumi hərəkətliliyə də müsbət təsir göstərəcək. Yollar açıldıqca ölkələr və insanlar daha sıx inteqrasiya olunur”.

İqtisadçı vurğulayıb ki, marşruta tələbatın yüksək olacağı gözlənilir, lakin bu, qiymət artımına səbəb olmamalıdır:

“Tələbin yüksəkliyi bilet qiymətlərinin süni şəkildə artırılmasına və müxtəlif əsaslandırmalarla yüksək tariflərin tətbiqinə yol açmamalıdır.
Odur ki, ümid edirəm ki, qiymət siyasəti də insanların gözləntilərinə uyğun və əlçatan olacaq. Çünki bu qatarı ən çox gözləyənlər təyyarə biletlərinə imkanı olmayıb ucuz nəqliyyata ehtiyac duyan insanlar idi. Qatar sevincinin davamlı olması üçün bilet qiymətləri insanların bu imkandan rahat şəkildə yararlanmasına maneə yaratmamalıdır.

Və nəhayət… Bu xəbərə səmimi şəkildə sevindim. Təşəbbüs göstərənlərə, qərarı dəstəkləyənlərə, prosesin qarşısında maneə yaratmayanlara və bu açılışa razılıq verən rəhbər şəxslərə təşəkkür edirəm. Azərbaycan insanının, iqtisadiyyatının və sosial həyatının buna ehtiyacı var idi”.

Lalə

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar