Ru
16:40 / 21 Avqust 2026

Bakıda 58 yaşlı qadının üzərinə ağac aşdı - Hadisəyə tikinti şirkəti səbəb olub? - VİDEO

Bakıda 58 yaşlı qadının üzərinə ağac aşdı - Hadisəyə tikinti şirkəti səbəb olub? - VİDEO
Eye

Bakının Suraxanı rayonu, Yeni Günəşli “D” yaşayış massivində iri gövdəli ağacın aşması ağır hadisəyə səbəb olub.

"Bakupost"un əldə etdiyi məlumata görə, ağac ərazidə yaşayan 1968-ci il təvəllüdlü Xudiyeva Rübabə Ümid qızının üzərinə aşıb. Ağır xəsarət alan qadın təcili tibbi yardımla Kliniki Tibbi Mərkəzə çatdırılıb.

İlkin məlumata görə, R.Xudiyevanın ayağı və onurğası qırılıb, vəziyyəti ağır qiymətləndirilir.

Lakin hadisənin baş verdiyi ərazi və burada ağaclarla bağlı bundan əvvəl baş verənlər ciddi suallar doğurur.

"Bakupost"un əldə etdiyi sənədlərdən məlum olur ki, söhbət Yeni Günəşli “D” yaşayış sahəsi, 27 saylı binanın şimal hissəsində “Etibarlı” MTK tərəfindən 2 ədəd 9 mərtəbəli yaşayış binasının tikintisinin nəzərdə tutulduğu ərazidən gedir.

Tikinti layihəsinin altına düşən yaşıllıqların köçürülməsi üçün ötən ilin sonunda rəsmi prosedur başladılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin 24 dekabr 2024-cü il tarixli rəyində ərazidə olan 2 tut, 1 əncir ağacının və 14 kol bitkisinin – 8 nar, 1 heyva və 5 iydənin yerinin dəyişdirilməsinə razılıq verilib.

Sənəddə həmin yaşıllıqların məhv edilməsindən deyil, kökündən çıxarılaraq başqa ərazidə əkilməsindən söhbət gedir.

Ekoloji rəydə xüsusi diqqət çəkən başqa bir tələb də var. Ərazidəki 2 şam və 1 ikigövdəli qovaq ağacının qorunmasının “Etibarlı” MTK-nın məsuliyyətində olduğu göstərilib.

Qaraçuxur Bələdiyyəsi də 27 dekabr 2024-cü ildə 25 saylı sərəncam qəbul edərək yaşıllıqların köçürülməsinə qərar verib. Daha sonra məsələ Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə göndərilib və ağacların köçürülməsi həyata keçirilib.

Bəs ərazidə qalan ağac niyə təhlükəyə çevrilib?

Sakinlər bildiriblər ki, burada olan iri ağaclar illər əvvəl məhz sakinlər tərəfindən əkilib və uzun müddət sağlam vəziyyətdə olub.

Onların iddiasına görə, tikinti başlayandan sonra layihəyə düşən və köçürülməsinə icazə verilən ağaclar başqa əraziyə daşınıb. Lakin iri gövdəli bəzi ağacların köçürülməsi mümkün olmadığı üçün onlar tikinti sahəsində qalıb.

Sakinlər iddia edirlər ki, həmin ağaclar sonradan qurumağa başlayıb. Onlar bunun təbii proses olmadığını, ağacların tikintiyə maneə yaratdığı üçün hansısa üsulla qəsdən məhv edildiyini idiia edirlər.

Bu iddia hələlik hər hansı rəsmi qurum tərəfindən təsdiqlənməyib.

Lakin hadisə bir sıra ciddi suallar yaradır.

Ağac təhlükəli vəziyyətdə idisə, niyə vaxtında aşkar edilməyib və köçürülmə ərəfəsində hansısa tədbir görülməyib? Qurumuşdusa, niyə insanların hərəkət etdiyi ərazidə saxlanılıb?

Xüsusilə nəzərə almaq lazımdır ki, həmin ərazi qısa müddət əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Qaraçuxur Bələdiyyəsinin və Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin diqqətində olub. Ağacların bir hissəsinin köçürülməsi, digər hissəsinin isə qorunması ilə bağlı konkret qərarlar qəbul edilib.

"Bakupost" məsələ ilə bağlı “Etibarlı” MTK-nın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin və Qaraçuxur Bələdiyyəsinin mövqeyini öyrənməyə çalışır.

Elnur, BakuPost




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar