Ru
13:08 / 13 Oktyabr 2026

Bakıda dönər ustası 40 kiloqram əti zibilliyə atdı: "Bunu müştəriyə rəva görmürəm" - FOTOLAR

Bakıda dönər ustası 40 kiloqram əti zibilliyə atdı:  "Bunu müştəriyə rəva görmürəm" - FOTOLAR
Eye

"Halal Food" MMC-dən aldığı toyuq ətinin keyfiyyətindən narazı qalan dönər ustası Yusif Qardaşzadə məhsuldan yad cisimlər çıxdığını iddia edir.

"Bakupost" xəbər verir ki, sahibkarın sözlərinə görə, dönər hazırlamaq üçün aldığı ətdə toyuq tükünə bənzər liflər, sümük parçaları və qığırdaq qalıqları aşkarlanıb.

Y.Qardaşzadə "Bakupost"a bu halla dəfələrlə qarşılaşdığını, şirkətə müraciətlərinin isə nəticəsiz qaldığını bildirib. O, məhsula görə ödədiyi pulun geri qaytarılmasını tələb etsə də, dəymiş zərərin qarşılanmadığını deyib.

Sahibkarın sözlərinə görə, üç ay əvvəl açdığı obyektə yaxın olduğu üçün əvvəlcə həmin şirkətdən ət alıb. Məhsulun keyfiyyətindən narazı qaldıqdan sonra başqa şirkətə üz tutsa da, bəzi vaxtlarda yenidən “Halal Food" MMC-dən məhsul almağa məcbu olub.

“Bu problemlə dəfələrlə qarşılaşmışam. Şirkətə bildirəndə yola verirlər, dəymiş zərəri qarşılamaqdan imtina edirlər. Şəkillər müxtəlif vaxtlarda çəkilib. Mən bir sahibkar kimi bu əti müştəriyə verə bilmərəm. Əgər siz özünüzə, yaxud övladınıza rəva görürsünüzsə, almağa davam edin.

İndiyədək 40 kiloqram ət ziyana gedib. Mən də həmin məhsulun pulunu tələb etmişəm. Əti müştərilərə satmamışam, tullamışam. Şikayət edəndə deyirlər ki, yəqin, səhv olub. Bəs bu səhv dəfələrlə necə təkrarlana bilər? Sexdə belə hal bir dəfə, maksimum iki dəfə baş verə bilər, amma dəfələrlə təkrarlanır. Mən istəmirəm ki, başqaları da bu əti alsın. Şirkət rəhbərliyi bildirir ki, məhsulu məhz onlardan aldığımı sübut etməliyəm. Deyir ki, bu, bəlkə də başqa yerdən aldığın ətdir. Ancaq mən bu məhsulu onlardan almışam. Başqa yeri niyə əsassız yerə şikayət edim ki? Əgər problemin onların məhsulundan qaynaqlandığını görürəmsə, bunu niyə başqa şirkətin adına çıxarım?" - deyə Y.Qardaşzadə bildirib.

"Halal Food" MMC-nin nümayəndəsi Elvin Qurbanov isə iddialara cavab olaraq, sahibkarın istədiyi məbləğdə pul ala bilmədiyi üçün belə paylaşım etdiyini deyib:

"Sadəcə pul vermədiyimə görə paylaşım edilib. Xahiş edirəm, AQTA-ya müraciət edin, araşdırsın. Qanun nə deyirsə, odur".

"Bakupost" məsələ ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə ( AQTA ) sorğu göndərib.

Lalə Novruz, BakuPost



Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar