10:45
Bakıda naməlum qadının maşına çoxsaylı zərbələr endirdiyinə dair görüntülər yayılıb.
“Bakupost” xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda qadının dəmir alətlə avtomobilə dəfələrlə zərbə endirdiyi görünür.
Hadisənin paytaxtın Hövsan qəsəbəsində baş verdiyi bildirilir.
İddia olunur ki, qadın ərinin xəyanətindən xəbər tutub və qisas almaq üçün onun maşınına hücum edib.
Videoda qadının yaxınlıqdakı binaya tərəf dönərək “Elə bilirsən, evdə ağlayacağam? Onu görməyəcəksən”, - dediyi eşidilir.
Ardınca o, öz avtomobilinə əyləşərək həmin avtomobilə yenidən zərbə endirib.
***
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, 1992-ci il təvəllüdlü qadın polis əməkdaşları tərəfindən müəyyən edilərək polis şöbəsinə dəvət olunub. Onunla profilaktik-izahedici söhbət aparılıb, hərəkətlərinə hüquqi qiymət verilərək barəsində qanunvericiliyə uyğun inzibati protokol tərtib edilib.
Qeyd edək ki, qadının hərəkətləri ilə bağlı həyat yoldaşı tərəfindən polis orqanına hər hansı şikayət daxil olmayıb.
Vətəndaşların ictimai qaydalara və qanunvericiliyin tələblərinə riayət etmələri, xüsusilə ailə-məişət münasibətlərində qarşı tərəfin hüquq və qanuni mənafelərinə hörmətlə yanaşmaları tövsiyə olunur.
Lalə Novruz,BakuPost