12-14 iyulda Almaniyadan gələn iki nümayəndə heyəti Bakıda “Four Seasons” otelində Rusiya Prezidenti Vladimir Putinin ətrafına daxil olan iki şəxslə qapalı görüş keçirib.
Nümayəndə heyətində Almaniyanın keçmiş kansleri Angela Merkelin dövründə Federal Kansler İdarəsinin rəhbəri olmuş Ronald Pofalla və Brandenburq əyalətinin sabiq baş naziri Matias Platsek olub. Rusiya tərəfini isə Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının sədri Valeri Fadeyev və ölkənin keçmiş baş naziri Viktor Zubkov təmsil edib.
“Bakupost” xəbər verir ki, Azərbaycan Prezident İlham Əliyev Almaniya Kansleri Fridrix Mertslə birgə mətbuat konfransında Bakıda Almaniya və Rusiya nümayəndələri arasında görüşün keçirilməsi barədə suala cavabında məsələ barədə araşdırma apardıqlarını deyib: “Bakıda belə bir görüşün keçirilməsi barədə “The Times” qəzetindən öyrəndik, bizim bu barədə xəbərimiz yox idi. Təbii ki, belə mötəbər mətbu orqanında çıxan məqaləyə diqqətlə yanaşaraq, araşdırma aparmışıq”.
Dövlət başçısı bildirib ki, Berlinə gəlməzdən öncə Azərbaycan Dövlət Sərhəd Xidmətindən məlumat istəyib:
“Bizə bu barədə Almaniya və Rusiya tərəfindən xəbər verilməyib. Yəni bizim ərazimiz bizdən xəbərsiz olaraq, sadəcə, istifadə olunub. Belə bir görüşün olub-olmaması ilə bağlı da mən konkret bir şey deyə bilmərəm, çünki biz bunu görməmişik. Amma dediyim uçuş statistikası deməyə əsas verir ki, belə gizli görüş Bakıda keçirilib”.
Milli Məclisin deputatı Arzuxan Əlizadə
Bakupost.az-a bildirib ki, Prezident İlham Əliyevin açıqlaması ilk növbədə Azərbaycanın öz ərazisində baş verən bütün proseslərə son dərəcə həssas yanaşdığını və dövlət suverenliyi məsələsində prinsipial mövqe sərgilədiyinin göstəricisidir.
Həmsöhbətimiz qeyd edir ki, görüş barədə Bakıya əvvəlcədən rəsmi məlumatın verilməməsi diplomatik etikaya ziddir:
“Dövlət başçısının qeyd etdiyi kimi, həmin şəxslərin eyni tarixdə Bakıda olmaları təsdiqlənib, lakin görüş barədə Azərbaycan tərəfinə əvvəlcədən rəsmi məlumat verilməyib. Bu isə diplomatik etikaya uyğun hesab oluna bilməz. Əsas diqqət çəkən məqam dediyim kimi, görüş barədə ev sahibi ölkənin məlumatlandırılmamasıdır. Dövlətlərarası münasibətlərdə qəbul olunmuş diplomatik təcrübəyə görə, üçüncü ölkənin ərazisində belə xarakterli təmaslar keçirilərkən ev sahibi dövlətin məlumatlandırılması qarşılıqlı hörmət və etimadın tərkib hissəsidir. Azərbaycanın bu prosesdən kənarda saxlanılması doğru yanaşma deyil və Prezident İlham Əliyevin bu məsələyə açıq münasibət bildirməsi də məhz Azərbaycanın suverenlik məsələlərində heç bir güzəştə getmədiyini nümayiş etdirir”.
Deputat hesab edir ki, belə görüşdə təhlükəsizlik, enerji, regionlar proseslər kimi mövzuların müzakirəsi istisna deyil:
“Görüşdə iştirak etdiyi bildirilən şəxslərin kimliyi də diqqət çəkir. Bir tərəfdən Almaniyanın keçmiş kansleri Angela Merkelin yaxın komandasında təmsil olunmuş Ronald Pofalla və Almaniya siyasətində uzun illər fəaliyyət göstərmiş Matthias Platzek, digər tərəfdən isə Rusiyanın keçmiş Baş naziri Viktor Zubkov və Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının sədri Valeri Fadeyev kimi fiqurların eyni vaxtda Bakıda olması təsadüfi görünmür. Onların uzun illər dövlət idarəçiliyi, təhlükəsizlik və Rusiya–Almaniya münasibətlərində iştirak etmiş şəxslər olması müxtəlif məsələlərin müzakirə edildiyi ehtimalını artırır. Belə görüşlərdə Avropanın təhlükəsizlik arxitekturası, Rusiya–Qərb münasibətlərinin gələcəyi, Ukrayna müharibəsi fonunda mümkün diplomatik təmaslar, enerji təhlükəsizliyi və regional proseslər kimi mövzuların müzakirə olunması istisna edilə bilməz. Lakin bununla bağlı rəsmi təsdiq olmadığından qəti nəticə çıxarmaq doğru olmaz”.
A.Əlizadənin sözlərinə görə, bu hadisə başqa bir reallığı da ortaya qoyub:
“Azərbaycan artıq elə bir geosiyasi məkana çevrilib ki, qlobal və regional güclər hətta ən həssas təmaslar üçün də Bakını münasib platforma hesab edirlər. Bu, ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisidir. Ancaq belə təşəbbüslər yalnız Azərbaycan dövlətinin məlumatı və razılığı çərçivəsində həyata keçirilməlidir. Dövlət suverenliyi və diplomatik etiket beynəlxalq münasibətlərdə istənilən siyasi məqsəddən üstün tutulmalıdır”.
Rüfət Sultan,
BakuPost