Bakı–Pirşağı yolunda, "Ömər Atçılıq" adlanan yerdə fəaliyyət göstərən müəssisədə “Siyəzən Broyler”ə məxsus qutulardan istifadə edilməklə mənşəyi məlum olmayan toyuqların qablaşdırıldığı iddia olunur.
“Bakupost” xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Kadrlarda xüsusi geyim formasında olmayan şəxslərin toyuqları qablaşdırdığı, həmçinin ərazidə “Siyəzən Broyler” əmtəə nişanlı qutuların olduğu görünür.
Məsələ ilə bağlı “Siyəzən Broyler” şirkətindən “Bakupost”a bildirildi ki, sözügedən müəssisənin şirkətə heç bir aidiyyəti yoxdur. Qeyd edildi ki, həmin şəxslər “Siyəzən Broyler”ə məxsus qutuları kənardan əldə edərək istifadə etmiş ola bilərlər:
“Bizim malımız həmin müəssisədə istehsal olunmur. Ola bilsin ki, bizə məxsus qutuları çöldən, hansısa marketlərin qarşısından yığıblar. Dünən məsələ ilə bağlı AQTA-ya, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə və hüquq-mühafizə orqanlarına rəsmi şəkildə müraciət etmişik”.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə “Bakupost”un sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumat əsasında araşdırmalara başlanılıb və məsələ nəzarətə götürülüb.
Qeyd olundu ki, sözügedən ərazidə quş əti məhsullarının qanunsuz və antisanitar şəraitdə qablaşdırılması və satışı ilə bağlı iddialar üzrə agentliyinin müfəttişləri tərəfindən yoxlama keçiriləcək:
"Aparılan yoxlamanın nəticələrinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcəkdir.
İstehlakçılara qida məhsulları alarkən etiket məlumatlarına diqqət yetirmələri və mənşə sənədini tələb etmələri tövsiyə olunur. Hər hansı şübhəli məhsul və ya qanunazidd hallarla qarşılaşdıqda Agentliyin “1003 − Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur. Bildiririk ki, istehlakçıların sağlamlığının qorunması və qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində qanunsuz fəaliyyətlərin qarşısı alınacaq".
Lalə Novruz, BakuPost