Paytaxt Bakıda təcili tibbi yardım xidmətinin operativliyinin artırılması məqsədilə yeni layihəyə start verilib. Layihə çərçivəsində təcili tibbi yardım xidmətində motosikletlərdən istifadə olunacaq.
"Bakupost" xəbər verir ki, dünyanın bir sıra ölkələrində tətbiq edilən bu model paytaxtda da təcili tibbi yardım briqadalarının hadisə yerinə daha qısa müddətdə çatmasına və zəruri hallarda vəziyyəti stabilləşdirən müdaxilələri həyata keçirməyə imkan verəcək.
Məlumata görə, xidmətə cəlb ediləcək motosikletlər avtomatik xarici defibrilyator, oksigen balonu, travma çantası, reanimasiya avadanlıqları və təcili tibbi yardım üçün zəruri dərman preparatları ilə təchiz ediləcək.
Tibb elmləri doktoru, professor Adil Qeybulla
"Bakupost"a bildirib ki, təcili tibbi yardım xidmətində motosikletlərdən istifadə məsələsi qəribə görünür. Onun fikrincə, bu layihə həyata keçsə də, müvəqqəti olacaq:
“Amma bütövlükdə götürdükdə təcili tibbi yardımda motosikletlərdən istifadə təcili yardımın prinsipi ola bilməz. Çünki təcili yardımda xəstədən hospitala prinsipi işləməlidir. Təcili yardımla hadisə yerində zərər çəkmişlərə kömək edilir. Ondan sonra lazım gəlsə onları xəstəxanaya gətirirlər”.
Həkim kiçik ağrılara görə, motosikletlə xəstənin yanına getməyə ehtiyac olmadığı və bunun üçün ailə həkimi sisteminin yaradılmasını daha vacib bildi:
“Azərbaycanda isə bir balaca başı ağrıyan da evə təcili yardım çağırır. Halbuki buna heç bir lüzum yoxdur. Xaricdə bunun üçün ailə həkimi mövcuddur. Yəni demək istəyirəm ki, kiçik ağrılara görə xəstəyə kömək etmək üçün motosikletlə getməyə ehtiyac yoxdur. Bunun üçün ailə həkimi sistemi yaradılmalıdır. Elə xəstə ola bilər ki, o təcili hospitalizasiya tələb edir. Belə halda motosikletlə həmin xəstəni necə gətirəcəklər?”
Rüfət Sultan,
BakuPost