Bakıda özünü vəkil kimi təqdim edən şəxsin qadından müxtəlif vaxtlarda ümumilikdə 20 min manat aldığı iddia olunub.
Bakupost.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında şikayətçi Arzu Seyidzadə deyib.
O, iddia edib ki, mülk mübahisəsi ilə bağlı qohumları ilə məhkəmə çəkişməsi olub. Həmin vaxt hüquqlarını müdafiə etmək üçün qadın özünü vəkil kimi təqdim edən İzzət Mövlayevlə tanış olub. İ.Mövlayev qadının məhkəmədə hüquqlarını müdafiə edəcəyinə söz verib və buna görə müxtəlif vaxtlardan ondan 20 min manat alıb:
"Sonradan məlum oldu ki, həmin şəxs vəkil deyil və məni aldadaraq pulumu alıb".
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, vətəndaşın polis orqanına müraciəti daxil olub:
"Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılan araşdırma çərçivəsində zəruri məsuliyyət tədbirlərinin görülməsi təmin olunacaq".