Bakıda 211 saylı avtobusun sürücüsü ilə sərnişin arasında gərginlik yaşanıb.
“Bakupost” xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Kadrlardan görünür ki, qadın övladı və ona məxsus kiçik skuterlə avtobusa minmək istəyir. Lakin sürücü avtobusa skuterlə daxil olmağın qadağan olduğunu bildirərək buna icazə vermir.
Qadın övladının autizmli olduğunu və uzun məsafəni piyada qət etməsinin çətinlik yaratdığını desə də, sürücü onları avtobusdan düşürür.
***
"BakuBus" MMC-dən bildirilib ki, videogörüntü ilə bağlı məsələ araşdırılıb:
"Araşdırma zamanı müəyyən edilib ki, hadisə zamanı avtobus sürücüsü tərəfindən uşaq skuterinin avtobusda daşınması ilə bağlı qüvvədə olan qaydalar düzgün tətbiq edilməyib. Bildiririk ki, "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın 5.1-ci bəndinə əsasən, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə ölçüləri 60 sm × 40 sm × 20 sm-dək, çəkisi 20 kq-dan çox olmayan bir ədəd əl yükünü və uşaq arabasını daşıma haqqı ödənilmədən aparmaq hüququna malikdir.
Baş vermiş hadisə zamanı sürücü tərəfindən qaydaların tətbiqində anlaşılmazlıq yaranıb. Bununla əlaqədar sərnişindən, xüsusilə də azyaşlı övladından üzr istəyirik.
Hadisə ilə bağlı sürücü barəsində müvafiq intizam tədbiri görüləcək, eyni zamanda analoji halların təkrarlanmaması məqsədilə bütün sürücülər üçün mövcud qaydalar üzrə əlavə təlimatlandırma aparılacaq".
Lalə,
BakuPost