Bakıda uşağı elektron sistem vasitəsilə uşaq bağçasına qəbul olunan valideyn övladının aylardır təhsil müəssisəsinə gedə bilməməsindən narazılıq edib.
"Bakupost" xəbər verir ki, Oxu.az-a müraciət edən valideyn övladının mart ayında elektron qəbul sistemi vasitəsilə Hövsan MİDA-da yerləşən məktəbəqədər təhsil müəssisəsinə qəbul olunduğunu bildirib.
Lakin sənədləri təqdim etdikdən sonra ona qrup və müəllim olmadığı bildirilib:
"Mart ayında uşaq elektron qəbulla Hövsan MİDA-da yerləşən bağçaya düşüb. Sənədlərini yığıb aparanda, deyiblər ki, qrup yoxdur, müəllim yoxdur, gedin, oturun evdə, müəllim olanda, qrup yığılanda zəng edərik, uşağı gətirərsiniz. Beş ay keçib üstündən, hələ də xəbər yoxdur".
Valideyn qeyd edib ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət etsə də, sorğusuna cavab ala bilməyib.
Elektron qəbul sistemindəki məlumatlardan da görünür ki, uşaq Bakı şəhəri 353 nömrəli uşaq bağçasının 3-4 yaş qrupu üzrə Azərbaycan bölməsinə qəbul olunub. Sorğunun yerləşdirilmə tarixi 2 mart 2026-cı il göstərilib.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, qeyd olunan məktəbəqədər təhsil müəssisəsində yeni qrup yaradılıb və sorğular qəbul edilib.
"Qrupun fəaliyyətə başlamasının təmin edilməsi məqsədilə təhsil müəssisəsinin kadr təminatı ilə bağlı müvafiq tədbirlər görülür. Qrupun sentyabr ayından fəaliyyətə başlaması nəzərdə tutulur", - açıqlamada qeyd olunub.