“Yango” taksi xidmətinin kuryeri vətəndaşa məxsus dəyərli bağlamanı mənimsəyib.
Bakupost.az xəbər verir ki, zərərçəkmiş Əbdülhəmid Xəlilov saytımıza bildirib ki, hadisə aprelin 13-də baş verib. Onun sözlərinə görə, Sumqayıtdan Bakıya çatdırılması üçün “Yango” vasitəsilə dəyəri təxminən 1200 manat olan “PlayStation 5” sifariş edib. Kuryer bağlamanın içində bahalı əşya olduğunu gördükdən sonra onunla əlaqəni kəsib:
“Saat 15:41-də sifariş verdim. Kuryer bağlamanı götürdü, Saray postuna qədər hərəkətini izlədim. Ondan sonra yoxa çıxdı. Telefonuna zəng çatırdı, amma açmırdı”.
Zərərçəkmiş bildirir, məsələ ilə bağlı “Yango”nun baş ofisinə müraciət etsə də, şirkət məsuliyyəti üzərindən atıb:
“Dedilər ki, bu, bizlik deyil, məhkəməyə müraciət edin. Mən kuryeri tanımıram, “Yango”nu tanıyıram. Belə çıxır ki, istənilən şəxs kuryer adı ilə işləyib oğurluq edə bilər, ziyanı isə vətəndaş çəkər? Xahiş edirəm, bu şirkətdən heç kim istifadə etməsin. Boykot edək”.
Məsələ ilə bağlı vəkil Fuad Məmmədov Bakupost.az-a bildirib ki, bu cür hallarda məsuliyyət birbaşa xidmət göstərən şirkətin üzərinə düşür:
“Şikayətçi kuryeri şəxsən tanımır, o, platforma vasitəsilə sifariş verir. Kuryeri seçən və sifarişi ona yönləndirən “Yango”dur. Mülki Məcəlləyə əsasən, işəgötürən işçinin vurduğu ziyana görə məsuliyyət daşıyır. Bu halda da kuryer platforma vasitəsilə cəlb edildiyi üçün birbaşa məsuliyyət “Yango”nun üzərinə düşür və şirkət dəymiş ziyanı ödəməlidir”.
Məsələ ilə bağlı “Yango” suallarımıza cavab verməkdən yayındı.
Lalə Novruz,
BakuPost