Ru
14:48 / 05 Mart 2026

Bakı–İslamabad yaxınlaşması: hərbi ittifaqdan iqtisadi perspektivlərə

Bakı–İslamabad yaxınlaşması:  hərbi ittifaqdan iqtisadi perspektivlərə
Eye

Azərbaycan Respublikası müstəqillik əldə etdiyindən üzü bəri dünyanın 180-dən çox ölkəsilə diplomatik münasibətlər qurub.

Bu ölkələr arasında xüsusu yer tutan dövlətlərdən biri də Pakistan İslam Respublikasıdır. Pakistan Türkiyədən sonra

Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkədir. Diplomatik münasibətlər 1991-ci ilin dekabrında qurulub. Zaman-zaman bu münasibətlər inkişaf edərək, siyasi, iqtisadi, hərbi, sosial, humanitar və digər sahələri əhatə edib.


Bu münasibətlər ildən-ilə inkişaf edərək hazırda yeni mərhələyə qədəm qoyub. İslamabad xüsusən də Azərbaycanın apardığı Vətən müharibəsində Türkiyə ilə yanaşı, ölkəmizə hərtərəfli dəstək verib.

Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü ilin iyulun 11-də Pakistanda rəsmi səfərdə olub. Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif isə 2025-ci ilin fevral və noyabr aylarında Azərbaycana gəlib. Hansı ki, bu səfərlər və bağlanan müqavilələr ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha sürətlə inkişafına təkan verib.

Bakı ilə İslamabad arasında əlaqələr ikitərəfli olmaqla yanaşı, beynəlxalq, regional təşkilatlar müstəvisində də davam edir. Azərbaycanla Pakistan BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT/ECO) kimi beynəlxalq qurumlarda birgə təmsil olunur və bir-birinə dəstək verirlər.

Deputat: “Pakistan hərbi əməkdaşlıq və təhlükəsizlik məsələsində Azərbaycana Türkiyədən sonra ikinci ən yaxın tərəfdaşdır”.

Mövzu ilə bağlı Bakupost.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, bu əməkdaşlıq həm ikitərəfli strateji münasibətlər kontekstində realizə olunur, həm də Türkiyə-Azərbaycan-Pakistan üçtərəfli əməkdaşlığı kontekstində aktualdır: “İslamabadla Bakı həmçinin beynəlxalq münasibətlər sistemində təhlükəsizlik və siyasi məsələlərdə koordinasiya edilmiş şəkildə fəaliyyət göstərir. Azərbaycan daima Pakistanı dəstəkləyib. O cümlədən, BMT-nin müvafiq qətnaməsinə istinad edərək, Kəşmir məsələsinin məhz beynəlxalq hüquqa əsaslanraq həlli məsələsində İslamabadın mövqeyini dəstəkləmişik. Pakistan isə nəinki Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, həmçinin bu yöndə əməli addımlar da atıb”.


H. Babaoğlu deyir ki, ölkəmizdə hərbi sənayenin inkişafı və güclənməsi kontekstində Bakı ilə İslamabad arasında hərbi-sənaye texnologiyalarının mübadiləsi baş verib:
“Azərbaycan öz təhlükəsizliyini möhkəmləndirmək üçün Pakistandan qırıcı təyyarələr alıb. Ortaq sənaye məhsullarının istehsalı sahəsində də birgə fəaliyyət həyata keçirilir. Bütün bunlar olduqca əhəmiyyətli hadisədir və iki ölkənin mövqeyini daha da yaxınlaşdırır”.

Amma deputat təəssüf edir ki, ölkələrimiz arasında iqtisadi münasibətlər o qədər də inkişaf etməyib. Bununla yanaşı, o hesab edir ki, bu sahədə də perspektivlər böyükdür:
“Pakistanın 200 milyondan çox əhalisi var. Azərbaycan üçün Pakistan böyük bazardır. Hazırda ortaq layihə və investisiyaların həyata keçirilməsilə bağlı məsələlər müzakirə olunur. Bu da mühüm perspektiv vəd edir və iki ölkə arasında yükdaşımaların həyata keçirilməsi və iqtisadi münasibətlərin daha da dərinləşməsi üçün yaxşı perspektiv yaradır. Pakistanla Çin arasında iqtisadi nəqliyyat koridoru da məhz Orta Dəhlizin mühüm seqmentlərindən biridir. Bunun özü də ölkələrimiz arasında gələcək inkişafa yaxşı perspektivlər vəd edir”.
Deputatın fikrincə, iki ölkə arasında münasibətlərin gələcəkdə Türkiyə-Azərbaycan münasibətləri qədər yüksəkliyə çatması üçün yaxşı potensial vardır:
“Hər gün bu istiqamətdə ümumi məqsədlərə bir qədər daha çox yaxınlaşırıq. Ona görə də bəzən bu münasibətləri Türkiyə-Azərbaycan-Pakistan üçbucağı adlandıraraq, Cənub-Şərqi Asiya, Yaxın Şərq və Qafqaz coğrafiyasında mühüm güc mərkəzi və ittifaqlardan biri kimi nəzərdən keçiririk”.

Konfliktoloq: “Geosiyasi maraqlarımız üst-üstə düşür”.

Yaxın Şərq üzrə ekspert, konfliktoloq Azər Hüseynov isə bildirib ki, Azərbaycan ilə Pakistan münasibətləri təkcə diplomatik jestlərdən ibarət deyil:
“Burada həm tarixi yaxınlıq, həm də geosiyasi maraqların üst-üstə düşməsi ciddi rol oynayır. Münasibətlərimizin əsasında qarşılıqlı siyasi dəstək dayanır. Pakistan, xüsusilə Qarabağ məsələsində Azərbaycanın mövqeyini açıq şəkildə müdafiə edən nadir dövlətlərdəndir. Bu, münasibətlərin sadəcə formal deyil, strateji xarakter daşıdığını göstərir”.



Ekspertin fikrincə, Pakistanın nüvə dövləti olması da məsələyə əlavə bir ölçü qatır:
“Bu amil, regionda güc balansı və təhlükəsizlik arxitekturası baxımından Azərbaycan üçün dolayısı ilə əhəmiyyətlidir. Hərçənd Bakı birbaşa nüvə siyasətinə daxil deyil, amma belə bir tərəfdaşın olması siyasi çəkini artırır”.

Konfliktoloq qeyd edir ki, tərəflər arasında hərbi əməkdaşlıq da durmadan genişlənir:
“Son illərdə birgə hərbi təlimlər, müdafiə sənayesi üzrə əməkdaşlıq və zabit hazırlığı sahəsində əlaqələr intensivləşib. Bu prosesdə Türkiyə ilə üçtərəfli əməkdaşlıq xüsusi diqqət çəkir. Azərbaycan–Türkiyə–Pakistan xətti artıq sadəcə simvolik deyil, real təhlükəsizlik platformasına çevrilməkdədir”.
Hmsöhbətimiz hesab edir ki, siyasi səviyyədə qarşılıqlı səfərlər də münasibətlərimizdəki dinamikanın artdığının göstəricisidir: “Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana və Pakistan rəhbərliyinin Bakıya cavab səfərləri əməkdaşlığın institusional xarakter aldığını sübut edir. Bu səfərlər zamanı imzalanan sənədlər isə əlaqələrin müxtəlif sahələr üzrə genişləndirilməsinə zəmin yaradır”.

A.Hüseynov bildirir ki, Pakistanın geniş ali təhsil infrastrukturu və beynəlxalq tələbə mühiti Azərbaycan üçün alternativ əməkdaşlıq imkanları yaradır:
“Eyni zamanda mədəni və dini yaxınlıq iki xalq arasında psixoloji məsafəni minimuma endirir. Azərbaycan üçün Pakistanla münasibətlərin dərinləşdirilməsi sadəcə seçim deyil, müəyyən mənada strateji zərurətdir. Bu əlaqələr regional təhlükəsizlik, hərbi əməkdaşlıq və siyasi dəstək baxımından Bakının mövqelərini gücləndirir. Mövcud dinamika göstərir ki, bu xətt yaxın illərdə daha da möhkəmlənəcək”.

Rüfət Sultan, BakuPost

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda hazırlanıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar