Dərs ilinin başlaması ilə şəhərlərdə nəqliyyat sıxlığının artacağı gözlənilir. Xüsusilə universitetlərin fəaliyyətə başlaması böyük şəhərlərdə avtomobil və ictimai nəqliyyat yükünü daha da artırır. Səhər və axşam saatlarında yolların yüklənməsi, dayanacaqlarda sıxlığın yaranması və hərəkət sürətinin azalması tələbə və müəllimlərin gündəlik gediş-gəlişini də çətinləşdirir.
Türkiyənin Eskişehir şəhəri isə bu baxımdan maraqlı nümunələrdən biridir. Universitet şəhəri kimi tanınan Eskişehirdə tələbə axınının şəhərin nəqliyyat sisteminə təsiri xüsusilə nəzərə çarpır. Şəhərdə universitetlərə gediş-gəlişin təşkili, ictimai nəqliyyatın rolu və alternativ hərəkət imkanları uzun illərdir gündəmdə olan məsələlərdəndir.
Maraqlıdır, Azərbaycanda da universitetlərin bir ərazidə cəmləşdirildiyi belə bir şəhərcik yaratmaq mümkündürmü?
"Bakupost" xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa Demokrat.az-a açıqlamasında bu istiqamətdə dəfələrlə müxtəlif təkliflər səsləndirildiyini, amma hələ ki, bu məsələlər nəzərə alınmadığını bildirib.
“Hər halda, bundan sonrakı dövrdə belə addımların atılması bir qədər çətin olar. Amma hər halda tıxac məsələsi şəhər üçün kifayət qədər böyük problemdir və bunun açığı, konkret çıxış yolunu göstərmək də asan deyil”, deyə deputat qeyd edib.
Onun sözlərinə görə, paytaxtın köçürülməsi, universitetlərin digər ərazilərə köçürülməsi kimi təkliflər dəfələrlə səsləndirilib:
“Bu istiqamətdə çoxsaylı təşəbbüslər və müzakirələr olub, amma nədənsə həmin təkliflər indiyədək nəzərə alınmayıb. İndi isə ümid edək ki, gələcəkdə bu məsələlər yenidən nəzərdən keçirilə və şəhərdə nəqliyyat yükünün, xüsusilə də tıxacların azaldılması istiqamətində müəyyən addımlar atıla bilər”.