Azərbaycanda son dövrlər balıq məhsullarının qiymətində artım müşahidə olunur. Ekspertlər hesab edirlər ki, bahalaşma həm daxili tələbin artması, həm də istehsal və logistika xərclərinin yüksəlməsi ilə bağlıdır.
Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı Referans Media-ya açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc balıq məhsullarının qiymətindəki artımın əsas səbəblərindən biri sağlam qidalanmaya marağın yüksəlməsi olduğunu bildirib.
Onun sözlərinə görə, son illərdə insanlar daha çox sağlam qida axtarışında olduqları üçün balıq məhsullarına üstünlük verirlər.
“Balıq Azərbaycan qida rasionunda əvvəllər indiki qədər populyar deyildi. Ölkəmizə gələn turistlər, xüsusilə də Xəzər dənizi sahilində yerləşən Bakıda dəniz məhsullarına və balıq yeməklərinə daha çox üstünlük verirlər. Eyni zamanda, pəhriz saxlayan insanlar da qida rasionlarında balıq məhsullarına daha çox yer ayırırlar. Sağlam qidalanmanın təbliği də bu marağın artmasına təsir göstərir”, – deyə o qeyd edib.
V.Oruc bildirib ki, aparılan araşdırmalar balıqla qidalanmanın insan sağlamlığına müsbət təsir göstərdiyini, uzunömürlülüyə və orqanizmin müqavimətinin güclənməsinə kömək etdiyini göstərir. Bu da balığa olan tələbin artmasına səbəb olur.
Ekspertin sözlərinə görə, bahalaşmanın digər səbəbi istehsal və satış xərclərinin yüksəlməsidir.
“Yem və yem əlavələrinin, elektrik enerjisinin, su təchizatının, soyuducu avadanlıqların və anbarların xərcləri artır. Balığın saxlanılması digər ərzaq məhsulları ilə müqayisədə daha mürəkkəbdir və daimi soyuducu temperatur tələb edir. Nəqliyyat, logistika və işçi qüvvəsi xərclərinin artması da balığın maya dəyərinin yüksəlməsinə səbəb olur. Bu da son nəticədə satış qiymətlərinə təsir göstərir”, – deyə o vurğulayıb.
V.Oruc qeyd edib ki, Azərbaycana balıq tədarükündə mühüm rol oynayan Rusiya və İran istiqamətlərində yaranan çətinliklər də qiymət artımını sürətləndirən amillərdəndir.
“Regiondakı münaqişələr və dövlətlərarası münasibətlərdəki problemlər tədarük zəncirinə təsir göstərir. Bu isə həm logistika xərclərini artırır, həm də idxal imkanlarını məhdudlaşdırır. Nəticədə bazarda təklif azalır və qiymətlər yüksəlir”, – deyə ekspert bildirib.
Onun sözlərinə görə, əvvəllər yay aylarında balıq məhsullarının istehlakında müəyyən azalma müşahidə olunurdu. Bunun əsas səbəbi isti havalarda məhsulun saxlanılması ilə bağlı narahatlıqlar idi. Lakin müasir texnologiyalar balığın yay aylarında da təhlükəsiz şəkildə saxlanılmasına imkan yaratdığı üçün bu amil artıq öz təsirini itirib.
“Hazırda yay mövsümündə də əhalinin balıq məhsullarına marağı yüksək olaraq qalır. Bu isə tələbi artıran əlavə amillərdən biridir”, – deyə V.Oruc əlavə edib.
Ekspert hesab edir ki, qiymət artımında istehsal xərcləri, idxal amili, mövsümi dəyişikliklər və bazardakı tələb-təklif balansının hər birinin öz rolu var.
“Bəzi balıq növlərinin ovuna yaz-yay aylarında məhdudiyyətlər tətbiq olunur ki, bu da bazardakı təklifə təsir edir. Eyni zamanda isti havalarda daşınma və saxlanma xərcləri də yüksəlir. Turizm mövsümündə restoran və kafelərin balıq məhsullarına tələbi artır. Turist axınının çoxalması da qiymətlərin yüksəlməsinə təsir göstərir”, – deyə o bildirib.
V.Oruc vurğulayıb ki, balıq məhsullarında müşahidə olunan bahalaşma ümumi inflyasiya fonundan da kənar deyil.
“Hazırda təkcə balıq deyil, ət, süd və digər ərzaq məhsullarında da qiymət artımı müşahidə olunur. Xidmət, əməliyyat və daşınma xərclərinin yüksəlməsi, eləcə də inflyasiya səviyyəsi balıq məhsullarının qiymətinə təsir göstərən əsas amillərdən biridir”, – deyə ekspert fikirlərini yekunlaşdırıb.