“Bank kartları ilə bağlı məsələdə vətəndaşların edə biləcəyi bir şey yoxdur. Əslində bankların da görə biləcəyi hər hansı ciddi tədbir mövcud deyil. Burada əsas məsuliyyət Mərkəzi Bankın və “Azerikard” Prosessinq Mərkəzinin üzərinə düşür. İnfrastruktur məsələləri üzrə cavabdeh təşkilatlar bunlardır”.
Bakupost.az xəbər verir ki, bunu “Ölkə.az”a açıqlamasında İT mütəxəssisi Fərhad Mirəliyev bir sıra bank kartlarında yaranan problem və vətəndaşların pullarının silinməsini şərh edərkən deyib:
“Mərkəzi Bank bəyan etdi ki, onların infrastrukturunda heç bir problem müşahidə olunmayıb. “Azerkard” isə bildirir ki, sistemlərinə müəyyən texniki problemlər olub, amma bu, onların məsuliyyətindən qaynaqlanmayıb. Yəni bir qədər dolaşıq açıqlama verilib”, - o vurğulayıb.
Ekspertin fikrincə, baş verənlər texniki xətadır:
“Təxmini desək, əməliyyatların təkrarlanması halı yaşanıb. Tutaq ki, siz 100 manatlıq bir əməliyyat etmisiniz, yenidən 100 manatlıq başqa bir əməliyyat da dublikat olaraq həyata keçirilib. Təxminən belə bir texniki nasazlıqdır. Yəni burada hər hansı hücum və ya buna bənzər məsələlərdən söhbət getmir”.
Onun sözlərinə görə, təəssüf doğuran məqam ondan ibarətdir ki, həm tənzimləyici qurum olan Mərkəzi Bankın bununla bağlı ətraflı açıqlaması, görüləcək tədbirlərlə bağlı məlumatı, həm də “Azericard” Prosessinq Mərkəzinin özünün hansısa müdafiə mexanizmləri və ya bu problemin nə olduğu, necə baş verdiyi ilə bağlı səmimi izahı yoxdur:
“Süni intellekt dövründə bu cür xətaların əvvəlcədən aşkarlanması, preventiv tədbirlərin görülməsi və problemin aradan qaldırılması mümkündür. Vətəndaşlara isə yalnız gözləmək qalır. Belə hallarla üzləşdikdə qaynar xəttə məlumat vermək lazımdır ki, onların hesablarında əvvəlki sabit vəziyyət bərpa olunsun”.
Qeyd edək ki, dünəndən Azərbaycan Beynəlxalq Bankı, AccessBank, ExpressBank, Yelo Bank və digər bankların müştərilərinin kartlarından kütləvi şəkildə vəsait çıxıldığı iddia olunur.
"Azericard" MMC-dən verilən açıqlamaya görə, Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem "Azericard" MMC-dən qaynaqlanmır.
Azərbaycan Mərkəzi Bankından isə bildirilib ki, 24 iyun 2026-cı il tarixində "Azərikard" MMC-yə üzv olan bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsi ilə bağlı bildirilir ki, sözügedən insident hər-hansı kibermüdaxilə və ya dələduzluq halları ilə bağlı deyil, texniki səbəblərdən baş verib.