Sabahdan Azərbaycanda onlayn kreditlərlə bağlı yeni qaydalar qüvvəyə minir. Yeni mexanizm vətəndaşlara öz adlarına onlayn kredit verilməsini əvvəlcədən məhdudlaşdırmaq imkanı yaradacaq.
Mövzu ilə bağlı bank-maliyyə eksperti
Əkrəm Həsənov “Bakupost”a bildirib ki, artıq bir neçə ildir vətəndaşlarla bağlanan müqavilələrdə banka getmədən, müəyyən kodları daxil etməklə onlayn kredit götürmək imkanı nəzərdə tutulur.
Onun sözlərinə görə, vətəndaşların əksəriyyəti müqavilələrdə belə bir imkanın olduğunu bilmir və buna diqqət etmir. Nəticədə dələduzlar və ya hakerlər müxtəlif üsullarla vətəndaşları aldadaraq həmin kodları əldə edir və onların adından bankdan kredit götürürlər.
Ekspert qeyd edib ki, belə hallarda vətəndaş baş verənləri dərhal anlamaya bilər. Şəxs bank hesabında pul olmadığını düşünür və hesabında vəsait olmadığı halda onun adına kredit götürülə biləcəyini ağlına gətirmir.
Ə.Həsənovun sözlərinə görə, vətəndaş vəziyyəti sonradan öyrəndikdə banka müraciət edir. Lakin bank tərəfindən ona müqaviləni imzaladığı və kodu özü təqdim etdiyi bildirilir. Bu halda vətəndaş aldadıldığını desə də, bunu sübut etməkdə çətinlik çəkə bilər.
Ekspert bildirib ki, belə halların qarşısını almaq üçün Mərkəzi Bank vətəndaşlarla müqavilə bağlanarkən onlayn kredit imkanları barədə onlara izahat verilməsini tələb edir.
Onun sözlərinə görə, vətəndaş əvvəlcədən onlayn kredit götürmək istəmədiyini bildirə bilməli, kreditə ehtiyacı yarandıqda isə banka müraciət edərək kredit götürməlidir.
Ə.Həsənov hesab edir ki, yeni mexanizmin tətbiqi aldadılaraq onların adına kredit götürülən vətəndaşların sayının azalmasına səbəb olacaq.
Vüsalə Hüseynova,
BakuPost