Misirə səfər edən azərbaycanlı turist Afrika ölkəsində dələduzluq halları ilə üzləşdiyini bildirib.
Bakupost.az xəbər verir ki, Ağa Seyidov adlı şəxs sosial şəbəkədə video paylaşaraq Misirə gedənləri ehtiyatlı olmağa çağırıb.
Onun sözlərinə görə, orada olduğu bir neçə gün ərzində ard-arda xoşagəlməz hallarla qarşılaşıb. Turist iddia edir ki, həm satıcılar, həm də tur şirkətləri tərəfindən aldadılıb:
“Neçə gündür Misirdəyəm, başıma gəlməyən qalmayıb. Nömrə paketi almışam, mənə 30 GB deyiblər, amma sonradan baxıram ki, cəmi 4 GB-dır. Bunun üçün də 15 dollar pul alıblar.
Sonra mağazada alış-veriş etdik. Qiymətləri o qədər baha deyirdilər ki, 4 məhsula görə 45 dollar ödəmişəm. Sonradan tək-tək qiymətləri soruşanda məlum oldu ki, məsələn, qələmi mənə 20 dollara hesablayıblar.
Daha sonra bir nəfərə 100 dollar verdim ki, qalığı qaytarsın, amma mənə istifadəyə yararsız köhnə 50 dollar verdi.
Otelə qayıtdıqdan sonra hava limanından bizi gətirən şirkətin nümayəndəsi gəlib dedi ki, vizamız səhvdir, yenidən möhür vurulmalıdır, əks halda 1000 dollar cərimə olunacağıq. Məsələni “həll etmək” üçün 40 dollar tələb etdi. Araşdırdım, bunun da dələduzluq olduğu ortaya çıxdı.
Sonra hotelin həyətində tur şirkətləri bizə müxtəlif paketlər təklif etdilər. Dedilər ki, yeni açılmış məşhur muzey var, Tutanxamonla bağlı eksponatlar nümayiş olunur. Adam başı 100 dollar ödədim ki, həmin yeni muzeyə gedim. Halbuki 50 dollarlıq paket də var idi.
Amma bizi aparıb köhnə muzeyə çıxardılar. Etiraz edəndə hərəsi məsuliyyəti digərinin üzərinə atdı. Həmin şəxsə zəng etdim, məni blokladı”.
Lalə, BakuPost