Başkənd Universiteti ilə Qarabağ Universiteti arasında qurulan akademik əməkdaşlıq çərçivəsində həyata keçirilən “Cəmiyyət üçün Elm – Beynəlxalq Sosial Töhfə Layihələri” proqramı daxilində “Tibb Bacılığı Təhsili və İnfrastrukturun İnkişafı Beynəlxalq Layihəsi”nin I mərhələsi uğurla başa çatıb.
Bakupost.az xəbər verir ki, hazırda Başkənd Universiteti Sosial Yardım Koordinasiya Ofisinin koordinasiyasında, hər iki universitetin Tibb və Sağlamlıq Elmləri fakültələrinin əməkdaşlığı və TİKA-nın dəstəyi ilə iki layihə həyata keçirilir. Layihələr səhiyyə təhsili potensialının artırılması, elmi bilik mübadiləsinin genişləndirilməsi və Türkiyə ilə Azərbaycan arasında səhiyyə, təhsil və elm sahəsində əməkdaşlığın gücləndirilməsini hədəfləyir.
25 tibb bacısına beynəlxalq standartlarda təhsil
Layihə çərçivəsində Qarabağ Universitetinin Tibb və Səhiyyə fakültəsindən seçilmiş 25 tibb bacısı, 6-11 aprel 2026-cı il tarixlərində Başkənd Universiteti tərəfindən təşkil olunan onlayn nəzəri təlim proqramında iştirak edib. Proqram çərçivəsində qarşıya iştirakçıların peşəkar bilik və bacarıqlarının beynəlxalq standartlara uyğun şəkildə inkişaf etdirilməsi məqsədi qoyulub.
Təlimin ikinci mərhələsində isə 9 tibb bacısı və həkim, 11-18 aprel tarixlərində Başkənd Universiteti Ankara Xəstəxanasında klinik müşahidə proqramına qatılıb. İştirakçılar reanimasiya, əməliyyatxana, infeksiya nəzarəti, dializ, keyfiyyət prosesləri və mama-ginekologiya kimi müxtəlif sahələrdə praktiki müşahidə imkanı əldə ediblər.
Sertifikatlar Ankarada təqdim edildi
Təlim proqramını uğurla başa vuran iştirakçılar üçün 17 aprel 2026-cı il tarixində Başkənd Universiteti Ankara Xəstəxanasının Hasan Telatar konfrans zalında sertifikat təqdimetmə mərasimi keçirilib.
Açılış nitqində Başkənd Universitetinin Sosial Yardım Koordinatoru prof. dr. Suna Timur Ağıldere beynəlxalq akademik əməkdaşlıqların ictimai fayda yaratmadakı roluna diqqət çəkərək, bu tip layihələrin davamlı şəkildə genişlənməsinin vacibliyini vurğulayıb.
Daha sonra çıxış edən Başkənd Universitetinin Səhiyyə Müəssisələri Direktoru prof. dr. Ali Haberal universitetin səhiyyə xidmətləri və təhsil infrastrukturu barədə məlumat verərək, universitetin beynəlxalq səhiyyə təhsili sahəsində aparıcı mərkəzlərdən biri olmaq vizyonunu bölüşüb.
Mərasimdə həmçinin Qarabağ Universitetinin rektoru dr. Şahin Bayramov, TİKA-nın sədr müavini Buğra Aydın və Başkənd Universitetinin rəhbər heyəti iştirak edib.
“Bir millət, iki dövlət” vurğusu
Tədbirdə çıxış edən Başkənd Universitetinin qurucusu prof. dr. Mehmet Haberal çıxışına Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kemal Atatürk və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevi ehtiramla yad edərək başlayıb, eyni zamanda Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipini xatırladıb:
“Bu dövləti quran Mustafa Kemal Atatürk və onun silahdaşlarını daim rəhmət və minnətdarlıqla yad etmək bizim vəzifəmiz olduğu kimi, eyni şəkildə Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevi də böyük ehtiramla, rəhmət və minnətdarlıqla anmaq da bizim vəzifəmizdir”.
Qarabağ Universitetinin rektoru dr. Şahin Bayramov isə Başkənd Universitetinin onlara dəstək verən ilk ali təhsil müəssisələrindən biri olduğunu vurğulayaraq, əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Əməliyyatdan mərasimə
Proqram çərçivəsində Ankarada səfərdə olan dr. Şahin Bayramov Başkənd Universiteti rəhbərliyi ilə bir sıra görüşlər keçirib. Səfər zamanı o, həmçinin kadavradan 8 yaşlı xəstəyə qaraciyər transplantasiyası əməliyyatı həyata keçirən prof. dr. Mehmet Haberalı əməliyyatxanada ziyarət edib.
Əməliyyatın müəyyən mərhələsini şəxsən icra etdikdən sonra prof. dr. Haberal prosesi peşəkar komandasına təhvil verərək əməliyyatxanadan ayrılıb və rəsmi proqram çərçivəsində keçirilən görüş və sertifikat təqdimetmə mərasimində iştirak edib.
İkinci mərhələ Azərbaycanda
Layihənin ikinci mərhələsi çərçivəsində 2026-cı ilin iyun ayında Başkənd Universitetindən ibarət ixtisaslaşmış heyət Azərbaycana səfər edəcək. Bu səfər çərçivəsində Qarabağ Universiteti nəzdində planlaşdırılan strukturlar üzrə texniki qiymətləndirmələr aparılacaq, yerində təlimlər keçiriləcək və universitetin ehtiyaclarına uyğun hesabat hazırlanacaqdır.
İki illik strateji əməkdaşlıq
Ümumi müddəti iki il olaraq planlaşdırılan layihə; səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması, ixtisaslı kadrların hazırlanması və regional səhiyyə infrastrukturunun gücləndirilməsinə töhfə verməyi hədəfləyir.
Başkənd Universiteti başda Azərbaycan olmaqla, türk dünyası ilə səhiyyə və təhsil sahəsində beynəlxalq əməkdaşlıqları
genişləndirməyə davam edəcəyini bəyan edib.