Yeddi illik fasilədən sonra Permdən Gürcüstanın Batumi şəhərinə birbaşa aviareyslərin bərpası gündəmə gəlib. “Red Wings” aviaşirkətinin bu marşrut üzrə uçuşları Perm beynəlxalq hava limanının cədvəlində yer alıb. Hələlik bilet satışı başlanmayıb, lakin reyslərin 2026-cı ilin 3 iyun – 30 sentyabr tarixləri arasında həyata keçirilməsi planlaşdırılır.
Bakupost.az “Kommersant”a istinadən xəbər verir ki, uçuşlar həftədə bir dəfə – çərşənbə günləri, “Superjet” tipli təyyarələrlə icra olunacaq və uçuş müddəti təxminən 3 saat olacaq.
2019-cu ildən sonra ilk cəhd
Perm–Batumi birbaşa aviareysləri 2019-cu ilin iyulunda Gürcüstanda Rusiyaya qarşı etiraz aksiyalarından sonra dayandırılmışdı. Həmin vaxt marşrut üzrə “Pobeda” aviaşirkəti uçuşlar həyata keçirirdi. Sonrakı illərdə reysin bərpası ilə bağlı niyyətlər açıqlansa da, faktiki uçuş proqramı reallaşmamışdı.
Turizm bazarı və Azərbaycan faktoru
Turizm bazarının nümayəndələri bildirir ki, Batumi istiqamətinin bərpası yalnız Gürcüstan üçün deyil, regiondakı digər turizm ölkələri – o cümlədən Azərbaycan üçün də rəqabət mühitini gücləndirəcək.
Ekspertlərin fikrincə, Perm və ümumilikdə Ural bölgəsindən çıxan turistlər üçün Bakı artıq bir neçə ildir ki, stabil və tanınmış istiqamətə çevrilib. Xəzər dənizi sahili, inkişaf etmiş şəhər infrastrukturu, geniş aviadaşımalar şəbəkəsi və Bakıya birbaşa reyslərin mövcudluğu Azərbaycanı Gürcüstanla eyni seqmentdə rəqabət aparan ölkələrdən birinə çevirir.
Bu kontekstdə Batumi reysinin açılması Azərbaycanın yay mövsümündə cəlb etdiyi turist axınının bir hissəsini cəlb edə bilər. Xüsusilə dəniz turizmi və qısa müddətli istirahət formatında Gürcüstan Azərbaycanın əsas alternativlərindən biri kimi çıxış edir.
Batumi Bakı ilə hansı seqmentdə rəqabət aparır?
Mütəxəssislər vurğulayır ki, Batumi daha çox büdcə və orta seqment turistləri, fərdi səyahətçiləri, qısa müddətli dəniz və ekskursiya turları axtaranları hədəfləyir.
Bu isə Bakının şəhər turizmi, regionlara ekskursiyalar və dənizkənarı istirahət paketləri ilə üst-üstə düşür. Eyni zamanda, Azərbaycanın Gürcüstanla müqayisədə daha uzun turizm mövsümünə və geniş marşrut şəbəkəsinə malik olması Bakının üstünlükləri sırasında göstərilir.
Bununla belə, turizm şirkətləri qeyd edir ki, bilet satışları başlamadan və real tələbat formalaşmadan reysin uğuru barədə danışmaq tezdir. Ekspertlər hesab edir ki, Batumi daha çox Soçi, Abxaziya və Ermənistan istiqamətləri ilə rəqabət aparsa da, Azərbaycan bu rəqabət zəncirində mühüm yer tutur.
Cavid, BakuPost