“Almaniya Rusiyadan gələn hərbi təhdidlərin artması fonunda 2027-ci ilə qədər bütün kişilər üçün məcburi hərbi xidməti bərpa etmək imkanını nəzərdən keçirir”.
Bakupost.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.
Məlumata görə, müvafiq bəyanatla Bundestaqın Müdafiə komitəsinin sədri, Xristian Demokrat İttifaqının (CDU) təmsilçisi Tomas Rövekamf çıxış edib.
Komitə sədri bildirib ki, könüllü çağırış sistemi ordunun qarşısına qoyulan hədəflərə çatmağa imkan verməsə, ölkə məcburi xidmətə qayıtmaq məcburiyyətində qalacaq:
“Əgər biz könüllü xidmət vasitəsilə bu məqsədlərə nail ola bilməsək, məcburi hərbi çağırış sistemini geri gətirməli olacağıq. Bununla bağlı yekun qərar gələn il iyulun 31-nə qədər – hərbi xidmət haqqında qüvvədə olan qanunvericiliyin müddəti başa çatanadək qəbul edilməlidir. Eyni zamanda, Almaniya hakimiyyəti artıq könüllülərin cəlb edilməsi üçün tətbiq olunan mövcud çağırış modelinin genişləndirilməsini müzakirə edir”.
Qeyd edək ki, rəsmi Berlin Bundesverin (Almaniya Silahlı Qüvvələri) hazırda təxminən 185 min olan şəxsi heyətinin sayını 2035-ci ilə qədər 260 min nəfərə çatdırmağı hədəfləyir. Lakin komitə sədrinin sözlərinə görə, indiki çağırış templəri bu məqsədə yalnız könüllülük əsasında nail olmağın qeyri-mümkünlüyünə dair ciddi şübhələr yaradır.
Xatırladaq ki, Almaniya 2011-ci ildə məcburi hərbi xidməti dayandırsa da, Ukraynadakı genişmiqyaslı müharibədən sonra dəyişən təhlükəsizlik mühiti fonunda müdafiə siyasətinə yenidən baxmağa başlayıb.