Ötən gün Suriyanın keçmiş prezidenti Bəşər Əsədin Moskvada zəhərlənməsi barədə xəbərlər yayıldı. Hadisə nəticəsində onun sağ qaldığı bildirilir.
Maraqlıdır, Bəşər Əsədə qarşı sui-qəsd Kremlin planı ola bilərmi?
Mövzu ilə bağlı
Bakupost.az-a danışan siyasi şərhçi Asif Nərimanlı bildirib ki, belə hadisələr fonunda ilk olaraq Rusiyanın bu cür sui-qəsd metodlarını tətbiq etməsi yada düşür:
"Lakin burada şübhə doğuran və sual yaradan məqamlar var. Birincisi, Bəşər Əsəd Rusiyanın əsas müttəfiqlərindən biridir və təsadüfi deyil ki, o, buna görə Moskvaya sığınıb. İkincisi, bu sui-qəsd məhz Moskvada olub. Yəni Rusiya adətən bu cür sui-qəsdləri öz düşmənlərinə qarşı və Rusiyanın sərhədlərindən kənarda həyata keçirir. Sui-qəsd Rusiya daxilində olsa belə, hakimiyyətin düşmənlərinə qarşı edilir. Əsəd isə Kremlin Suriyadan gətirdiyi, faktiki olaraq sığınacaq verdiyi şəxsdır və əvvəldən bəllidir ki, Əsədin Rusiyaya sığınmasına icazə verən Kremlin məqsədi bundan Suriyanın yeni hakimiyyətinə qarşı istifadə etməkdir. Bu baxımdan Əsədin Moskvanın özü tərəfindən zəhərlənməsi şübhəli görünür”.
A.Nərimanlının fikrincə, əgər Kremlin Əsədə qarşı ölüm fərmanı verdiyi doğru olsaydı, sui-qəsddən sonra sağ qalması mümkün olmazdı:
“Ümumiyyətlə, əsas sual budur ki, Əsəd həqiqətənzəhərlənib, yoxsa bu cür informasiya yayılır? Mənim fikrimcə, burada zəhərlənmədən daha çoxdiqqəti çəkir. Ola bilsin, bunda maraqlı olan qüvvələr var. Bu da sırf Suriya ilə aparılan danışıqlara hesablanmış addım ola bilər. Çünki Əsədin zəhərlənməsi xəbəri məhz Suriya Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətinin Moskvaya səfəri ərəfəsində ortaya atılıb”.
Siyasi şərhçi vurğulayıb ki, səfərin əsas mövzusu Rusiyanın Suriyada mövcudluğunun saxlanılıb-saxlanılmaması və hərbi bazaların gələcək fəaliyyəti ilə bağlıdır:
“Yəni Suriyanın yeni hakimiyyəti ilə Rusiya arasında danışıqların əsas motivi bundan ibarətdir. Rusiya təbii ki istəyir ki, Suriyanın yeni hakimiyyəti onların Suriyada mövcudluğunu qəbul etsin, Aralıq dənizindəki əvvəlki hərbi bazalar saxlanılsın. Amma əvvəldən Suriya tərəfi buna heç də isti baxmırdı.
Hesab edirəm ki, Əsədin zəhərlənməsi informasiyası məhz bu danışıqlara hesablanmış informasiyadır”.
A.Nərimanlı qeyd edib ki, burada iki variant ola bilər:
“Birinci, Suriya nümayəndə heyətinin Moskvaya səfəri ərəfəsində Əsədin zəhərlənməsi xəbərini yaymaqla bunu Suriyanın Rusiyaya qarşı təxribatı kimi göstərmək istəyiblər. Təbii ki, bu cür təxribat pərdəarxasında aparılan danışıqlarda təzyiq aləti kimi istifadə oluna bilər. Yəni bir növ Suriya nümayəndə heyətinə təqdim olunur ki, sizin gəldiyiniz vaxt Əsəd zəhərlənib, bu isə Suriyanın Rusiyaya qarşı təxribatıdır. Dediyim kimi, bu diplomatik bir manevrdır. Burada Rusiya Suriyadan istədiyini almaq üçün bir növ təzyiq gedişi edir.
İkinci versiya ondan ibarətdir ki, Rusiya tərəfi bir növ Suriya hakimiyyətinə göstərir ki, əgər onların istəklərini qəbul edərlərsə, Əsəd bu cür zəhərlənmə və ya sui-qəsdlərlə aradan götürülə bilər. Rusiya Əsədin Suriyaya təhvil verilməsi imkanına isti baxmır. Çünki Kreml bu ölkəyə sığınan şəxsləri adətən, heç bir ölkəyə təhvil vermir. Bu bir növ Kremlin etibarlılıq simvoludur. “Putin dostlarını satmır”. Belə bir ifadə də var. .
Bütün hallarda müəmmalar çoxdur. Mənim fikrimcə, Əsədin həqiqətən zəhərlənməsindən daha çox zəhərləndiyi informasiyasının ortaya atılmasına daha çox diqqət etməliyik. Burada əsas məqam budur”.
Lalə Novruz, Bakupost