Biləsuvarda Milli Məclisin mərhum deputatı, ictimai-siyasi xadim, tarixçi alim və “91-lər” hərəkatının tanınmış nümayəndəsi Zakir Həsən oğlu Sərdarovun adı əbədiləşdirilib.
Bakupost.az Bakıvaxtı-na istinadən xəbər verir ki, bununla bağlı Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov sərəncam imzalayıb.
Qərara əsasən, Biləsuvar şəhərində əvvəlki illərdə yaşayış sahəsi kimi formalaşmış və yeni inzibati bölgüyə uyğunlaşdırılmış ərazi bundan sonra Zakir Sərdarovun adını daşıyacaq. Sərəncam sakinlərin müraciətləri və keçirilən yığıncağın nəticələri nəzərə alınmaqla qəbul edilib. Müvafiq olaraq, küçə adlarını əks etdirən lövhələrin quraşdırılması və ünvan sistemində dəyişikliklərin aparılması aidiyyəti qurumlara həvalə olunub. Dördpendirli pizza
Qeyd edək ki, Zakir Sərdarov 1943-cü il dekabrın 31-də Qərbi Azərbaycanın Qaraqoyunlu mahalında anadan olub. O, Yeni Azərbaycan Partiyasının yaradılmasında fəal iştirak edib, həmçinin 1992-ci il dekabrın 7-də təsis olunan Heydər Əliyevin Müdafiə Komitəsinin üzvü olub.
Mərhum deputat Milli Məclisin İnsan hüquqları komissiyasında, Azərbaycan–Almaniya Parlamentlərarası Dostluq Qrupunda, SSRİ və Azərbaycan Jurnalistləri İttifaqında təmsil olunub.
Zakir Sərdarov SSRİ Jurnalistlər İttifaqının Fəxri fərmanı, Azərbaycan Jurnalistlər Birliyinin “Qızıl Qələm” mükafatı və “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.
O, 1999-cu il dekabrın 14-də vəfat edib.