Texnologiya nəhəngi “Dell Technologies”in səhmlərinin kəskin bahalaşması şirkətin təsisçisi və baş direktoru Maykl Dellin sərvətini bir gündə 35,8 milyard dollar artırıb.
Bakupost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, şirkət səhmləri birjada 32,1 faiz yüksələrək tarixinin ən uğurlu ticarət gününü yaşayıb.
Bununla da Maykl Dellin xalis sərvəti 245,9 milyard dollara çatıb və o, dünyanın ən varlı şəxsləri siyahısında ön sıralara yüksəlib.
“Dell”in açıqladığı birinci rüb maliyyə nəticələri bazar proqnozlarını əhəmiyyətli dərəcədə geridə qoyub. Şirkət səhm başına 4,86 dollar mənfəət əldə etdiyini açıqlayıb. Gözlənti isə 2,96 dollar idi.
Rüblük gəlir də proqnozlaşdırılan 35,7 milyard dolları aşaraq 43,8 milyard dollara yüksəlib.
Bu nəticələrdə əsas pay süni intellekt üçün nəzərdə tutulan server satışlarına məxsus olub. Şirkətin bu sahədə gəlirləri illik müqayisədə 757 faiz artaraq 16,1 milyard dollara çatıb. “Dell” həmçinin rübün sonunda təxminən 24,4 milyard dollarlıq süni intellekt sifariş portfelinə malik olduğunu bildirib.
Güclü nəticələrdən sonra “Dell” süni intellekt sahəsində illik gəlir proqnozunu da yeniləyib. Şirkət əvvəl açıqladığı 50 milyard dollarlıq hədəfi 60 milyard dollara qaldırıb.
Bu göstərici ötən illə müqayisədə təxminən 144 faizlik artım deməkdir.
“Forbes”in real vaxt rejimində yenilənən milyarderlər siyahısına əsasən, “Dell”in səhmlərindəki yüksəliş Maykl Delli Mark Zukerberq kimi texnologiya milyarderlərini geridə qoyaraq dünyanın ən zəngin şəxsləri sırasında daha da irəli aparıb.