Ru
12:39 / 09 İyun 2026

"Biz indi atalarımızın pensiyasını ödəyirik, oğullarımız isə..."

"Biz indi atalarımızın pensiyasını ödəyirik, oğullarımız isə..."
Eye

Azərbaycanda pensiyaya çıxan şəxslərə hesablanan təqaüdün ən azı yarısının birdəfəlik şəkildə ödənilməsi məsələsi zaman-zaman ictimai müzakirələrə səbəb olur. Bu təklif xüsusilə vətəndaşların fərdi hesablarında toplanan “pensiya kapitalı” ilə bağlı məlumatların açıqlanması və həmin vəsaitlərdən istifadə imkanları barədə suallar fonunda daha çox gündəmə gəlir. Məsələ ilə bağlı müxtəlif yanaşmalar mövcuddur. Bir tərəfdən hesab olunur ki, pensiya kapitalının müəyyən hissəsinin birdəfəlik verilməsi vətəndaşlara maliyyə azadlığı qazandıra və onların şəxsi ehtiyaclarını daha çevik şəkildə qarşılamağa imkan yarada bilər. Digər tərəfdən isə bu yanaşmanın uzunmüddətli sosial təminat sisteminə təsirləri, həmçinin pensiya dövründə davamlı gəlirin azalması riski diqqətə çatdırılır.

Bakupost.az xəbər evrir ki, iqtisadçı ekspert Asif İbrahimov məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında Azərbaycanda pensiyaya çıxan şəxslərə hesablanan pensiyanın və ya fərdi hesablarında görünən “pensiya kapitalının” müəyyən hissəsinin birdəfəlik ödənilməsi məsələsi vaxtaşırı ictimai müzakirə mövzusu olur deyib:

“Hətta biz ekspertlər də bu məsələni tez-tez qaldırırıq. Lakin reallıq da budur ki, hazırkı qanunvericilik belə bir imkanı nəzərdə tutmur. Bunu daha flektiv etmək olardı. Məsələ ondadır ki, Azərbaycanda tətbiq edilən pensiya sistemi tam yığım əsaslı deyil, əsasən “nəsillərarası həmrəylik” prinsipi üzərində qurulub. Bu modeldə hazırda işləyən şəxslərin ödədiyi məcburi dövlət sosial sığorta haqları indiki pensiyaçıların pensiyalarının maliyyələşdirilməsinə yönəldilir. Yəni, loru dildə desək, biz indi atalarımızın pensiyasını ödəyirik, oğullarımız isə bizim pensiyalarımız ödəyəcək. Fərdi hesablarda görünən pensiya kapitalı isə daha çox gələcək pensiyanın hesablanması üçün istifadə olunan göstəricidir. Mövcud qaydalara əsasən, vətəndaşın fərdi hesabında toplanmış pensiya kapitalı ona birdəfəlik ödəniş şəklində verilmir. Həmin kapital pensiya hüququ yarandıqda aylıq əmək pensiyasının məbləğinin müəyyənləşdirilməsi üçün əsas götürülür. Hazırda qanunvericilikdə pensiya kapitalının yarısının və ya hər hansı hissəsinin birdəfəlik alınmasına dair norma yoxdur”.

O deyib ki, qqtisadi baxımdan belə bir mexanizmin tətbiqi müəyyən risklər də yarada bilər:

“Pensiya sisteminin əsas məqsədi vətəndaşı yaşlılıq dövründə davamlı gəlirlə təmin etməkdir. Kapitalın birdəfəlik verilməsi qısa müddətdə vəsaitin tükənməsinə və sonrakı dövrdə sosial təminat problemlərinin yaranmasına səbəb ola bilər. Bu səbəbdən dünyanın bir çox ölkələrində belə ödənişlər yalnız xüsusi hallarda və ya yığım əsaslı pensiya sistemlərində tətbiq edilir. Hazırkı Azərbaycan pensiya sistemi və “Əmək pensiyaları haqqında” qanun pensiya kapitalının vətəndaşa birdəfəlik ödənilməsinə imkan vermir. Bunun mümkün olması üçün ilk növbədə fərdi yığım hesablarının real maliyyə aktivləri ilə formalaşdığı yeni pensiya mexanizminin yaradılması və qanunvericiliyə dəyişikliklərin edilməsi tələb olunur”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar