Azərbaycan televiziya məkanında bölgə mediasının inkişafına mühüm töhfə verən jurnalistlərdən biri də ARB Günəş televiziya kanalının direktoru Məhsim Məhsimovdur.
Uzun illərdir televiziya sahəsində çalışan Məhsim peşəkar jurnalistikanın, müasir televiziya idarəçiliyinin və milli-mənəvi dəyərlərin təbliğinin tərəfdarı kimi tanınır.
Onun jurnalistikadakı yolu bölgə müxbirliyindən başlayıb. Məhsimi 26 ildir tanıyıram. 2000-ci ildə birlikdə çalışdığımız Lider TV-də o, Şimal-Qərb bölgəsinin sosial, siyasi və mədəni həyatından hazırladığı süjetlər, eləcə də araşdırma reportajları ilə dövrün audiovizual məkanında diqqət çəkirdi. Hələ o illərdən peşəsinə münasibəti, məsuliyyəti və daim fərqli mövzular axtarmaq həvəsi ilə seçilirdi.
Sonrakı illərdə televiziya sahəsində qazandığı təcrübə onu rəhbər vəzifələrə gətirib çıxardı. Əvvəlcə RTV (Regional TV) və ARB Şimal televiziyalarının inkişafında mühüm rol oynadı. Daha sonra isə Azərbaycanın ilk uşaq televiziya kanalı olan ARB Günəşin konsepsiyasının hazırlanmasında iştirak etdi, yeni tematik telekanalın arxitektonikasını formalaşdıraraq ona rəhbərlik etməyə başladı.
Bu, Azərbaycan televiziya məkanı üçün fərqli və məsuliyyətli bir istiqamət idi. Çünki uşaq auditoriyası üçün televiziya yaratmaq təkcə maraqlı proqram hazırlamaq deyil. Burada söhbət gələcək nəslin dünyagörüşünə, zövqünə, dilinə və dəyərlərinə təsir edən bir informasiya mühitinin qurulmasından gedir.
Məhsim də uşaq televiziyasına məhz bu düşüncə ilə yanaşır. O hesab edir ki, uşaq televiziyası yalnız əyləncə vasitəsi deyil, gələcək nəslin formalaşmasına xidmət edən mühüm ictimai platformadır.
Bu yanaşma ARB Günəşin proqram siyasətində də öz əksini tapıb. Kanalda uşaqların maariflənməsinə, milli-mənəvi dəyərlərin aşılanmasına xidmət edən keyfiyyətli televiziya məhsullarının hazırlanmasına xüsusi diqqət yetirilir. Maarifləndirici, mədəni, elmi və vətənpərvərlik ruhunda hazırlanan layihələr illər ərzində minlərlə uşağın və ailənin rəğbətini qazanıb.
Məhsim jurnalist kimi də cəmiyyətin aktual problemlərinə həssas münasibəti ilə seçilib. Peşəkarlığı, obyektivliyi və milli maraqların qorunmasını televiziya fəaliyyətinin əsas prinsiplərindən hesab edir.
Son illərdə Vətən müharibəsi qəhrəmanlarına həsr olunmuş sənədli filmlərin hazırlanmasında da fəal iştirak edib, müəllif, prodüser və layihə rəhbəri kimi müxtəlif ekran əsərlərinə imza atıb.
Onun fəaliyyəti yalnız televiziya ilə məhdudlaşmır. Məhsim həm də Regional Mediaya Dəstək İctimai Birliyinin təsisçisidir, müxtəlif media və maarifləndirmə layihələrinin müəllifidir.
Onun xarakterini göstərən işlərdən biri isə 2022-ci ildə Xaçmazın Qıraqlı kəndində yaratdığı Qələbə parkıdır. Öz həyətinin bir hissəsini bu məqsədlə ayıraraq yaratdığı park Xaçmazın Qarabağ müharibəsi şəhidlərinin xatirəsini yaşadan ictimai məkana çevrilib.
Biz həmkarları Məhsimi zəhmətkeş, tələbkar, yaradıcı düşüncəli və kollektivlə işləməyi bacaran rəhbər kimi tanıyırıq. Gənc jurnalistlərin yetişməsinə dəstək verməsi, yeni televiziya layihələrinə yol açması onun fəaliyyətində xüsusi yer tutur.
Ancaq mən Məhsim haqqında yalnız media rəhbəri və jurnalist kimi danışa bilmərəm.
Çünki həyatda elə insanlar var ki, onlarla tanışlıq illər keçdikcə daha çox dəyər qazanır. Zaman insanın kimliyini, xarakterini, dosta və ətrafındakılara münasibətini daha aydın göstərir. Məhsim mənim üçün belə insanlardan biridir – uzun illərdir dostluq və həmkarlıq münasibətlərini bölüşdüyüm dəyərli insandır.
Bizim dostluğumuzu bir qədər də möhkəmləndirən insanlardan biri tələbə yoldaşım və dostum, Xalq artisti Gülyanaq Məmmədovadır. Son illərdə Gülyanaq Məhsimin şeirlərinə bəstələnmiş bir neçə mahnını ifa edib və bununla onun yaradıcılığına yeni rəng qatıb. Bundan başqa, türkdilli ölkələrlə bağlı bir sıra musiqi layihələri də Məhsimin dəstəyi ilə hazırlanaraq geniş auditoriyaya təqdim olunub.
Bəli, Məhsim həm də yaradıcı insandır.
26 illik tanışlığımız ərzində onun peşəsinə sevgisinin, işinə məsuliyyətlə yanaşmasının və daim yenilik axtaran yaradıcı təfəkkürünün şahidi olmuşam. O, televiziyanı sadəcə iş yeri kimi deyil, cəmiyyət qarşısında məsuliyyət daşıyan böyük bir missiya kimi qəbul edir.
Amma mənim üçün Məhsimin ən böyük üstünlüklərindən biri onun insanlığıdır.
O, dostluqda etibarlı, sözdə və əməldə səmimi, çətin gündə yanında olmağı bacaran insanlardandır. Uğurları ilə lovğalanmayan, qazandığı hörməti zəhməti ilə əldə edən insanlara həmişə xüsusi rəğbət bəsləmişəm. Məhsim də məhz belə adamlardandır.
Bu günlərdə onun 50 yaşı tamam oldu.
Əlli il…
Bir əsrin yarısı.
Bu yaşın arxasında bölgə müxbirliyindən televiziya rəhbərliyinə qədər uzanan böyük bir yol, yüzlərlə reportaj və televiziya layihəsi, qurulan kollektivlər, yetişən gənclər, qazanılan dostlar və hörmət dayanır.
İnanıram ki, qarşıdakı illər Məhsimin yaradıcılıq bioqrafiyasına yeni uğurlar, yeni televiziya layihələri və yeni nailiyyətlər əlavə edəcək.
Əziz dostum Məhsim!
Səni 50 illik yubileyin münasibətilə ürəkdən təbrik edirəm.
Arzu edirəm ki, həyatının qarşıdakı illəri mənalı, uğurlu və sevinc dolu olsun. Sağlamlığın möhkəm, ailən xoşbəxt, dostların daim yanında olsun.
Yaradıcılıq eşqin heç vaxt tükənməsin. İnanıram ki, hələ uzun illər Azərbaycan televiziyasına dəyərli töhfələr verəcək, peşəkar jurnalist, yaradıcı insan və bacarıqlı media rəhbəri kimi yeni nəsillərə örnək olacaqsan.
50 yaşın qutlu olsun, əziz dostum!
Yeni ömrün uğurlarla, xoşbəxtliklə və yeni zirvələrlə zəngin olsun!
İqbal Məmmədəliyev
ELTV-nin baş direktoru,
ADMİU-nun Kino və televiziya sənətləri kafedrasının baş müəllimi
23 iyul 2026