Ru
20:00 / 13 May 2026

"Bolt" cibimizə girir? – 5 manatlıq abunəlik nəyə hesablanıb?

"Bolt" cibimizə girir? – 5 manatlıq abunəlik nəyə hesablanıb?
Eye

Bakıda fəaliyyət göstərən “Bolt” taksi xidmətinin istehlakçıları yeni üsulla aldatdığı iddia edilir.

Bununla bağlı Bakupost.az-a müraciət edən vətəndaş bildirir ki, şirkət aylıq 5 manatlıq abunəlik təklif edərək gedişlərə 10–15 faiz endirim vəd edir.

Onun sözlərinə görə, abunəlik aktivləşdirildikdən sonra isə gediş qiymətləri əvvəlcə süni şəkildə artırılır, daha sonra "endirim" tətbiq edilərək yenidən əvvəlki məbləğə qaytarılır.

Nəticədə sərnişin əlavə aylıq ödəniş etsə də, real azalma baş vermir:

"Məsələn, əvvəllər getdiyim yol 3.50 azn idi. Abunə olduqdan snra eyni məsafə 4 manat göstərildi. Sonra 15 faiz "endirim" tətbiq olundu və yenə əvvəlki qiymətə düşdü. Yəni nəticədə heç nə dəyişmədi, sadəcə abunəliyə davam etsəm, ayda 5 manat əlavə ödəmiş olacağam”, -deyə şikayətçi bildirib.


Məsələ ilə bağlı "Bolt" dan Bakupost.az-ın sorğusuna cavab olaraq bildirildi ki, “Bolt Plus” abunəliyi istifadəçilərə müəyyən kateqoriyalar üzrə əlavə üstünlüklər təqdim etmək üçün nəzərdə tutulsa da, səfərlərin qiyməti hər zaman olduğu kimi tələbat səviyyəsi, günün saatı, marşrut, yol şəraiti və digər amillər əsasında dinamik şəkildə formalaşır:
"Endirimlər həmin anda tətbiqdə formalaşan aktual qiymət üzərindən hesablanır və qiymətlərin süni şəkildə artırılması ilə bağlı hər hansı mexanizm mövcud deyil. Eyni zamanda, abunə çərçivəsində təqdim olunan endirimlərlə yanaşı, istifadəçilər bütün səfərlər üzrə keşbek imkanlarından da yararlana bilərlər ki, bu da əlavə qənaət imkanı yaradır.
İstifadəçilər tətbiqdə abunəliyin şərtləri və üstünlükləri ilə əvvəlcədən tanış ola bilərlər".


Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, taksi şirkətləri ilə bağlı oxşar şikayətlər tez-tez eşidilir:

"Qanun nəyi qadağan etmirsə, mümkün olan hər şeyi edirlər ki, istehlakçıları aldatsınlar. Ən çox gələn şikayətlərdən biri, sürücünün xəritəsində gediləcək yerin düzgün göstərilməməsi və ya bilərəkdən təhrif olunmasıdır. Düşünürəm ki, bu kimi məsələlərlə dövlət orqanları ciddi məşğul olmalıdır. Hüquqları pozulanlara məsləhət görürəm ki, 012 599 76 00 nömrəsi ilə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etsinlər".

Nəqliyyat eksperti Aslan Əsədov isə bildirir ki, bu cür üsullar əsasən marketinq strategiyası kimi tətbiq olunur:

"Hər bir şirkətin öz marketinq qaydaları var. Bu qaydalar çərçivəsində müxtəlif təşviq üsullarından istifadə edilir. Müştərilər isə daha çox endirimli xidmətlərdən yararlanmağa çalışırlar.

Bəzən olur ki, ödəniş adı altında bəhanələrlə müştərilərdən əlavə pul tutulur və ya yaxınlıqda olan avtomobilin gəlməməsi kimi hallarla rastlaşırıq. Bunlar marketinqin mənfi tərəfləridir və nəticədə vətəndaşlar bunun əziyyətini çəkirlər.

Belə vəziyyətlərdə istehlakçılar yalnız bir platformaya bağlı qalmamalı, alternativ taksi xidmətlərindən də istifadə etməlidirlər".

Lalə Novruz, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar