Ru
18:02 / 30 Oktyabr 2025

Böyük qayıdış: Şərqi Zəngəzurda quruculuq işləri sürətlənir

Böyük qayıdış: Şərqi Zəngəzurda quruculuq işləri sürətlənir
Eye

Prezident İlham Əliyevin oktyabrın 28-də Zəngilan və Cəbrayıl rayonlarına səfəri ölkəmizin azad edilmiş ərazilərində aparılan bərpa və inkişaf işlərinin növbəti mərhələsini əks etdirən mühüm hadisə oldu. Səfər zamanı Cəbrayıl şəhər məscidinin təməli qoyuldu, “Şəfəq” Günəş Elektrik Stansiyasına gedən avtomobil yolu istifadəyə verildi və Horovlu kəndinin birinci mərhələsinin açılışı baş tutdu.

Prezidentin Zəngilan rayonunda sakinlərlə görüşü zamanı “Böyük Qayıdış” Proqramının ilk mərhələsinin uğurla başa çatdığı və növbəti mərhələyə start verildiyi elan edildi.

Görüşlərdən birində İlham Əliyev vurğuladı ki, artıq 50 mindən çox insan Qarabağ və Şərqi Zəngəzurda yaşayır, işləyir, təhsil alır. Onların təxminən 20 mini öz doğma yurduna qayıdan keçmiş məcburi köçkünlərdir.

Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksində görülən işlərlə tanışlıq və yeni mənzillərin sakinlərə təqdim edilməsi “Böyük Qayıdış” prosesinin real nəticələrini əks etdirir.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Bakupost.az -a açıqlamasında bildirib ki, Azərbaycan Prezidentinin Cəbrayıla və Zəngilana səfəri zamanı açılışlar keçirilməsi, xüsusilə vətəndaşlarımıza evlərin verilməsi, qəsəbələrin salınması və yeni təməlqoyma mərasimlərinin həyata keçirilməsi həm 30 illik arzuların gerçəkləşməsi, həm də Azərbaycanın iqtisadi coğrafiyasının genişləndirilməsidir:


“Ərazilərimizin 20 faizinin yenidən Azərbaycan iqtisadiyyatına qazandırılması və iqtisadi resursların öz məcrasına yönləndirilməsi iqtisadiyyatın böyüməsi, xalqımızın rifahının artması deməkdir. Ona görə də,Azərbaycan Prezidentinin Cəbrayıla səfərinin nə qədər böyük mənəvi, tarixi əhəmiyyəti varsa, bir o qədər də real iqtisadi və sosial əhəmiyyəti vardır".


H.Babaoğlu da qeyd edib ki, qeyd olunan ərazilər Azərbaycanın ən münbit torpaqlarıdır:

"Azad olunan ərazilər çox mühüm resurslara malikdir. Vətəndaşlarımız yurd-yuvalarına qayıdaraq bunun sevincini yaşamaqla yanaşı, həm də iqtisadiyyatımıza dəstək olurlar. Ancaq şübhəsiz ki, bütün bunların fonunda ən mühüm məsələ tarixi yurd-yuvamıza, torpaqlarımıza qayıtmağımızdır, kəndlərimizin və şəhərlərimizin yenidən inşa olunmasıdır ki, Azərbaycan xalqı böyük qürur, məmnuniyyət və sevgi hissi ilə bu tarixi hadisəyə şahidlik edir”.


Millət vəkili Vüqar Bayramov bildirib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən intensiv bərpa və yenidən-qurma işləri nəticəsində Şərqi Zəngəzur regionun nəqliyyat habına çevrilməkdədir:

“Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlər tamamlanmaq üzrədir. Uzunluğu 140,6 km olan Horadiz–Ağbənd dəmir yolu xəttinin gələn il istifadəyə veriləcəyi gözlənilir. Uzunluğu 124 km olan Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu isə artıq tamamlanmaq üzrədir. Dəhlizinin Ermənistan ərazisindən keçəcək işlərin planlaşdırılmasını da nəzərə aldıqda Zəngəzur dəhlizinin 2028-ci ildə istifadəyə veriləcəyi gözlənilir. Bu isə Orta Dəhlizinin regional imkanlarını genişləndirməklə yanaşı, Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirəcək.


Şərqi Zəngəzur həmçinin böyük turizm, sənaye və aqrar potensiala malik olan bölgələrimizdəndir. Ölkə Prezidentinin Zəfərdən sonrakı 5 il ərzində işğaldan azad olunmuş ərazilərimizə səfərləri və bu səfərlər zamanı məhz onun tapşırıq və göstərişinə uyğun olaraq infrastrukturun qurulması, eləcə də həm məskunlaşmaya, həm yeni iş yerlərinin yaradılmasına xidmət edən təməlqoyma mərasimlərinin keçirilməsi birmənalı şəkildə ondan xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzur yeni inkişaf mərhələsinə qədəm qoyur. Bunlar isə eyni zamanda o deməkdir ki, Şərqi Zəngəzur yaxın zamanlarda Azərbaycan iqtisadiyyatında əsas inkişaf drayverlərdən birinə çevriləcək. İlkin qiymətləndirmələrə görə, Azərbaycan iqtisadiyyatının təxminən 10%-i həcmində işğaldan azad olunmuş ərazilərimizin yeni dəyər yaratma potensialı var. Bu o deməkdir ki, bərpa-yenidənqurma prosesindən sonra Qarabağ və Şərqi Zəngəzur 12 milyard manatdan artıq yeni dəyərin formalaşmasına və bölgənin Azərbaycan iqtisadiyyatına reinteqrasiyasına töhfə verə biləcək”.

Deputat Ceyhun Məmmədov isə bildirib ki, Prezident İlham Əliyev Cəbrayıl və Zəngilanda görülən işlərlə tanış olmaqla yanaşı, əhali ilə görüşdü və çox önəmli mesajlar verdi:

“Bu gün artıq Ağalı kəndinin sakinləri öz doğma yurdlarına köçüb orada məskunlaşıblar. Eyni zamanda, Cənab Prezident Cəbrayılda məscidin təməlini qoydu. Bu, çox önəmli bir hadisədir və Prezidentimizin milli dəyərlərimizə, tariximizə və ənənəmizə qayğısının göstəricisidir. Bu gün Cənab Prezident bu istiqamətdə çox böyük addımlar atır. İşğaldan azad olunmuş ərazilərdə məscidlərin tikilməsi önəmli və vacibdir .Prezident eyni zamanda Cəbrayılda yeni yaşayış binalarının təməlini qoydu və növbəti mərhələdə burada əhalimiz məskunlaşacaq. Bu binaların təməlinin qoyulması artıq Şərqi Zəngəzurda quruculuq işlərinin sürətləndiyini göstərir”.

Lalə,
BakuPost

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"" mövzusunda hazırlanıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar