Ru
15:27 / 19 Oktyabr 2026

Britaniya ordusu müharibəyə hazırlaşır? - Londondan xəbərdarlıq siqnalları

Britaniya ordusu müharibəyə hazırlaşır? - Londondan xəbərdarlıq siqnalları
Eye

Böyük Britaniya Quru Qoşunlarının Baş Qərargah rəisi general Roli Uoker yaxın zamanlarda ölkə hərbçilərinin müharibədə iştirak etmək məcburiyyətində qala biləcəyini bəyan edib.

“Bakupost” “The Independent” nəşrinə istinadən xəbər verir ki, general dünyadakı mövcud geosiyasi gərginliyin pik həddə çatdığını bildirib.

General Uokerin təşvişi nə dərəcədə realdır? Real deyilsə, onun bu təşvişinin arxasında nə gizlənir, nə məqsəd daşıyır?

Hərbi ekspert İbrahim Rüstəmli “Bakupost”a bildirib ki, hazırda dünyada geosiyasi və hərbi reallıqların kəsin fazada olduğunun şahidiyik: “Ciddi qarşıdurmalar, konfliktlər, anomal hadisələr müşahidə olunur. Artıq kartlar gizlədilmir, cəbhələşmə, qruplaşma konkret şəkil alıb. Kimin hansı gücün yanında olması heç kimdə şübhə doğurmur”.

Ekspert deyir ki, Rusiyanın mövqeyi ABŞ və Avropanı narahat edir:

“İkinci Dünya Müharibəsindən sonra Rusiyanın nüfuz dairəsini artıraraq, Avropanı işğal etməsi baş verdi. Eyni proses indi də baş verir”.

Müsahibimiz qeyd edir ki, Ukrayna-Rusiya müharibəsinin son nəticəsi ondan sonrakı proseslərin gedişinə müəyyənedici təsir göstərəcək:

“Yəni Rusiya Kiyev üzərində qələbə qazanarsa, bu təkcə Ukraynanın deyil, bir sıra Avropa dövlətlərinin, ümumilikdə bütün Avropanın məğlubiyyəti kimi başa düşüləcək. Hətta bu məğlubiyyətin səbəbləri Böyük Britaniyaya, Amerikayadək uzanacaq. Ona görə də Qərb Ukraynadakı müharibəyə görə həddən artıq narahatlıq hissi keçirir”.

Hərbi ekspertin sözlərinə görə, Böyük Britaniya kimi ciddi kəşfiyyat məlumatları və sisteminə malik bir ölkənin Quru Qoşunlarının baş qərargah rəisi belə narahatedici mesajlar verirsə, deməli onun arxasında konkret, real faktlar dayanır:

“Bu faktlar dolayı və birbaşa Rusiya ilə bağlıdır. Görünür, Londonun məsələ ilə bağlı ciddi kəşfiyyat məlumatları var ki, baş qərargah rəisi belə bir mesaj verir”.

Hələliksə, həmsöhbətimizə görə, Böyük Britaniya əsgərlərinin Ukrayna müharibəsinə qatılması ehtimalı azdır və real deyil:
“Narahatçılıq isə soyuq müharibə cəbhəsində yaşanan reallıqlarla bağlıdır. Görünür, soyuq müharibə cəbhəsində vəziyyət gərgin şəkil alıb. İnformasiyalar Londonu müharibəyə qatılmağa sövq edən informasiyalardır. Həmin informasiyalardan çıxış edərək də, Böyük Britaniyalı general müharibənin qaçılmaz olduğu ilə bağlı müəyyən siqnallar verir”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar