Böyük Britaniya Yəməndəki husilərin hücumlarından şəhərləri və kritik infrastrukturu qorumaq məqsədilə Səudiyyə Ərəbistanına “Eurofighter Typhoon” qırıcıları və A400M hərbi-nəqliyyat təyyarəsi göndərəcək.
"Bakupost" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, qırıcı təyyarələr yalnız müdafiə xarakterli tapşırıqları yerinə yetirəcək, Səudiyyə Ərəbistanının hava məkanını pilotsuz uçuş aparatları və raket hücumlarından qoruyacaq. Onlar husilərə qarşı zərbələrdə iştirak etməyəcəklər.
A400M təyyarəsi hərbi yüklərin və britaniyalı məsləhətçilərin daşınmasını təmin edəcək.
Bundan əlavə, London daha əvvəl Səudiyyə Ərəbistanına göndərilmiş yanacaqdolduran təyyarənin missiyasını 90 gün uzadıb.