Bu gün torpaq almaq hələ də ən sərfəli investisiya vasitələrindən biri hesab olunur. Çünki torpaq sahələrinin qiyməti artır və torpaq daşınmaz əmlakın digər növlərindən fərqli olaraq məhdud resursa malikdir. Bina və tikililərin sayını artırmaq mümkün olsa da, torpaq sahəsini artırmaq mümkün deyil. Buna görə də zaman keçdikcə torpağın qiyməti yüksəlir.
"Bakupost" xəbər verir ki, bunu Milli.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc deyib.
Onun sözlərinə görə, torpaq uzunmüddətli investisiya vasitəsidir. Yəni torpaq bu gün alınıb sabah satılmaq məqsədilə deyil, müəyyən müddət saxlanılaraq gələcəkdə satışa çıxarılmaq üçün alınmalıdır. Bu baxımdan torpaq uzunmüddətli investisiya üçün əlverişli hesab olunur.
V.Oruc qeyd edib ki, böyük təbii fəlakətlər, qlobal maliyyə problemləri, iqtisadi böhranlar və pandemiyalar kimi hallar istisna olmaqla, normal iqtisadi inkişaf şəraitində torpağın qiymətinin artması müşahidə olunur. Belə hadisələr baş versə belə, torpaq öz dəyərini qoruyan əmlak növü olaraq qalır.
O bildirib ki, insanların sayının artması torpağa tələbatı da artırır. İnsanların məskunlaşması və daşınmaz əmlak bazarının inkişafı üçün mövcud torpaq sahələri məhdud olduğundan, bu amil qiymət artımına təsir göstərir.
Vüqar Orucun sözlərinə görə, Azərbaycanda torpağın qiymətinə təsir edən əsas amillərdən biri ölkənin ərazisinin məhdud olmasıdır. Əhalinin sayının artması, iqtisadi inkişaf, bina və tikililərin çoxalması torpaq sahələrinə tələbatı artırır. Torpaq ehtiyatlarının məhdudluğu isə qiymətlərə təsir edir.
Digər mühüm amil tikinti sektorudur. Tikinti işlərinin aparılması üçün torpaq sahələrinə ehtiyac yaranır. Eyni zamanda, ölkədə iri layihələrin həyata keçirilməsi də torpaq qiymətlərinin artmasına təsir göstərir.
AQC İdarə Heyətinin sədri bildirib ki, gəlirlərin və alıcılıq qabiliyyətinin dəyişməsi də torpaq sahələrinin satış qiymətlərinə təsir edən amillərdəndir. Bundan başqa, vətəndaşların böyük hissəsinin torpağı investisiya vasitəsi kimi seçməsi də qiymət artımına səbəb olur.
Torpağı hansı ərazilərdən almaq daha məqsədəuyğundur?
Vüqar Oruc torpaq almaq istəyənlərə Bakı şəhərinin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş Planını nəzərdən keçirməyi tövsiyə edib.
Onun sözlərinə görə, investisiyaların yatırıldığı, yeni yolların çəkildiyi, nəqliyyat əlçatanlığının yaxşılaşdırıldığı, infrastrukturun yeniləndiyi və tikinti işlərinin genişləndiyi ərazilərə diqqət yetirmək lazımdır. Belə ərazilərdə iri layihələrin həyata keçirilməsi torpağın qiymətinə təsir göstərə bilər.
Ekspert kənd təsərrüfatı təyinatlı torpaqların qiymətində də ciddi artım gözlədiyini bildirib. Onun fikrincə, kənd təsərrüfatı fəaliyyətinin genişlənməsi bu sahələrə tələbatı artıra bilər. Bununla belə, belə torpaqları alarkən onların təyinatı nəzərə alınmalıdır. Çünki kənd təsərrüfatı torpaqlarından səmərəli istifadə etmək üçün müvafiq fəaliyyətlə məşğul olmaq zərurəti var. İstifadəsiz qalan kənd təsərrüfatı torpaqları isə əlverişli investisiya seçimi olmaya bilər. V.Oruc bu cür torpaqların dövlət tərəfindən ümumi təsərrüfat dövriyyəsinə cəlb ediləcəyini də qeyd edib.
O, rayon mərkəzlərində də ciddi qiymət artımının baş verəcəyini ehtimal edir. Ekspertin sözlərinə görə, rayonlarda iqtisadi inkişaf davam edir. Eyni zamanda, Bakının mərkəzi ərazilərində, eləcə də Xəzər rayonu, Mərdəkan, Bilgəh və Nardaran kimi dənizkənarı ərazilərdə torpaq qiymətlərinin artması gözlənilir.
V.Oruc hesab edir ki, infrastrukturun dəyişdiyi və yeniləndiyi ərazilərdə torpaq almaq investisiya baxımından məqsədəuyğun ola bilər.
Vüqar Oruc bildirib ki, torpaq alarkən yalnız satış qiymətini deyil, əlavə xərcləri də nəzərə almaq lazımdır.
Onun sözlərinə görə, torpağın qeydiyyatı ilə bağlı rüsumlar, zərurət yarandıqda hasarın çəkilməsi və mülkiyyət məsələlərinin dəqiqləşdirilməsi üçün çəkilən xərclər əvvəlcədən hesablanmalıdır.
Kənd təsərrüfatı təyinatlı torpaqlar alındıqda isə su təminatı və digər təsərrüfat xərcləri də nəzərə alınmalıdır. Bundan başqa, torpaq vergisi və digər müvafiq ödənişlər də ümumi xərclərə daxildir.
Ekspert vurğulayıb ki, torpaqdan gəlir əldə etmək istəyən vətəndaş bütün xərcləri əvvəlcədən hesablamalı və yalnız bundan sonra investisiya qərarı verməlidir.