Bu gün uzun aylardır, bəlkə də illərdir həsrətində olduğumuz o mübarək xəbəri axır ki aldıq.
Bu xoş xəbərin sevinci içində bir neçə saatdır özümə yer tapa bilmirəm, F1 sürətilə var-gəldəyəm!
Axır ki! Axır ki, biz Formula-1 yarışları üçün Bakının mərkəzi küçələrinə düzülən dəmir yığınını daha bir neçə il - yəni tam 2030-cu ilə qədər seyr etmək xoşbəxtliyinə nail olacağıq!
Bir müddətdir ki, Formula-1 yarışlarının Bakıda keçirilməsi üçün imzalanan sazişin 2026-cı ildə bitəcəyi qorxusu, səksəkəsi içərisində yaşayırdıq. Təsəvvür edin, biz, nəhayət Azadlıq meydanını tam, bütöv, dəmir-dümürsüz, betonsuz, zibilsiz, rahat görə bilərdik - artıq 10 ildən çoxdur ki, o meydanın həcmi haqda təsəvvürlərimiz cəhənnəmə gedib, gorbagor olub!
Axı, necə cəhənnəmə getmiş təsəvvürlərimizi qaytarmaq olar? Gorbagor olubsa, elə orda da qalmalıdır.
Formula-1-ə görə Dənizkənara Milli Parkın yanından ötən gözəl küçənin kandarı ilə uzanan beton sədd necə yığışdırıla bilər? Biz necə istədiyimiz yerdən bulvara keçə bilərik?
Axı o beton səddin böyrü ilə piyada keçidi axtara-axtara getmədinsə, yayın cırhacırında dəniz havası həsrəti ilə ləhləyə-ləhləyə bir neçə km dövrə vurmadınsa, daha bulvarın nə ləzzəti oldu? Hansı dadı qaldı?
O Formula-1 vaxtı izləyicilərin oturduğu, “vız-vıza” tamaşa etdiyi pilləkənvari oturacaqlar uzun müddətdir unutduğumuz amfiteatrları xatırlatmırmı? İl boyu o yeriyən, şütüyən, hərlənən amfiteatrları şəhərin ən gur yerlərində görüb, onu adlamaq üçün yeddi arxa dönənlərinə rəhmət oxuya-oxuya onun yeddi arxa dönəninin dalından keçib ki getmədin ha, ta Bakının nə dadı-duzu oldu?
Artıq hər il 15 sentyabrda Bakıda Tarixi gün olur! Yəni məktəblər açılır, yüzminlərlə uşaq və ilk gün olduğu üçün onların valideynləri məktəblərə yollanır və elə məhz həmin gün də Bakının bir neçə küçəsi Formula-1-ə görə bağlanmaqla bu gün tarixə çevrilir.
Formula-1-in sayəsində Bakının işğaldan azad olunduğu günün xoşbəxtliyini qatırıq Bilik Gününə və hamımız günün gözəlliyindən donub yerimizdə qalırıq, tərpənməyə hal-hey-yol olmur!
Heyrət ey büt, ya da Formula-1-zad oxuyub, sevincimizi izhar edirik!
Formula-1-lə saziş imzalanmasa, 15 sentyabrda küçə bağlanmasa, bax, bu Bilik Gününü Bakının işğaldan azad olma gününə nə təhər qatıb, xoşbəxtlik nəğməsi üzərində necə xorla, bir ağızdan bağıracağıq?
Dəhşətli dərəcədə sevinirəm ki, hələ 2030-cu ilə qədər biz bu xoşbəxtliyi yaşayacağıq. Çox-çox əminəm ki, 2030-cu ilə yaxınlaşanda bir daha, sonra bir daha və daha-daha saziş uzadılacaq və o dəmir-dümür Bakının küçələrində çürüyənə qədər yığışdırılmayacaq.
Hər birinizi bu xoşbəxtlik münasibətilə təbrik edir, sizə bol-bol səadət arzulayıram!
Bakı Hoqqasına da çağırış edirəm ki, xalqı bu cür düşünməyə və onları xoşbəxt edərək, xalqın alğışını qazanmağa davam etsinlər!
Asena,
BakuPost