2026-2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanı mərhələsi yekunlaşıb.
"Bakupost" xəbər verir ki, test imtahanları 14-18 iyul tarixlərində ölkənin 19 şəhərində yerləşən 38 imtahan mərkəzində təşkil olunub.
MİQ imtahanında yüksək nəticə göstərən namizədlər arasında Rəcəb Zeynallı da yer alıb. O, tarix müəllimliyi ixtisası üzrə əmsalsız 98,75 bal toplayıb.
AzEdu.az Rəcəb müəllimlə həmsöhbət olub.
Yüksək nəticə əldə edəcəyimə inanırdım, amma bu nəticəni tam gözləmirdim:
"İmtahan prosesi normal keçdi. İmkan və şərait baxımından hər şey uyğun idi. Sualların çətinlik dərəcəsi asan, orta və ağır olmaqla balanslı şəkildə tərtib olunmuşdu. Hər hansı bir yanlışlıq yox idi. İmtahandan əvvəl də yüksək nəticə əldə edəcəyimi gözləyirdim və bu inamla imtahanda iştirak etmişdim. Lakin nəticənin məhz belə olacağını tam olaraq bilmirdim. Əlbəttə, bu, həm mənim, həm də ailəm üçün çox xoş hisslər yaşatdı. Çünki bu yolda nizamlı şəkildə hazırlaşarkən ən böyük dəstəkçilərim onlar idi".
Qeyd edək ki, 98,75 bal toplayan digər namizədlər tarix müəllimliyi üzrə imtahan verən Çəmən Əliyeva və fiziki tərbiyə müəllimliyi üzrə imtahan verən Aytac Məmmədovadır.