Ru
18:04 / 30 İyun 2026

Bu müəllimlər sertifikatlaşdırma prosesinə cəlb olunmayacaqlar – Nazir açıqladı

Bu müəllimlər sertifikatlaşdırma prosesinə cəlb olunmayacaqlar – Nazir açıqladı
Eye

Azərbaycanda bir neçə mərhələdə 20.000 tam ştatlı müəllim vəzifəsi yaradılacaq.
Bakupost.az xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, tam ştatlı müəllimlər sertifikatlaşdırma prosesinə cəlb olunmayacaq.

Nazir müəllimlərin sertifikatlaşdırılmasının növbəti mərhələsinin bir hissəsi olaraq yeni islahatlara 115.000 müəllimin daxil ediləcəyini açıqlayıb. Sertifikatlaşdırmanı uğurla başa vuran müəllimlər iki kateqoriyaya bölünəcək. Bəziləri tam ştatlı status alacaq, digərləri isə saatlıq əmək haqqı əlavəsi alaraq yarımştat müəllim kimi işləməyə davam edəcəklər.

Təhsil eksperti Məzahir Məmmədli Bakupost.az-a bildirib ki, İnkişaf etmiş bəzi ölkələr də bu təcrübədən yararlanıb:

“Bu məsələ hələlik qərar səviyyəsində deyil, sadəcə təşəbbüs olaraq irəli sürülüb. Təklif olunur ki, müəllimlərin bir hissəsi saat hesabı deyil, sadəcə ştat vahidi, yəni rəsmi iş yeri kimi qəbul olunmaqla işləsinlər. Amma bu məcburi olmayacaq”.

Ekspert hesab edir ki, belə bir addımın atılması məktəbdəki problemlərin həllinə müəyyən dərəcədə təsir göstərəcək:

“Məsələn həftədə cəmi 2 saat dərsi olan kimya, biologiya fənn müəllimləri ilə tarix, riyaziyyat, Azərbaycan dili müəllimlərinin dərs saatı eyni deyil. 30 saatdan çox tədrisi olan müəllim 1500-2000 manat, 8-10 saat dərs yükü olan müəllimlər isə 500 manat məvacib alırlar. Yəni verilən təklifdə təşəbbüs odur ki, müəllim özünü lazımlı bilsin, həm məktəbə fayda versin, həm valideynlərlə münasibətdə olsun, həm də şagirdlərin problemini öyrənə bilsin. Layihə dərs yükü az olan müəllimlər üçün faydalı olacaq. Bunun nəticəsində mövcud vaxt müəllimə imkan verəcək ki, valideynlə əlavə iş, şagirdlərlə dərsdənkənar söhbətlər apara bilsin”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar