Ru
09:10 / 21 Oktyabr 2025

Bu ölkədə ilk qadın baş nazir

Bu ölkədə ilk qadın baş nazir
Eye

Yaponiya parlamentinin aşağı palatasının deputatları oktyabrın 21-də Yaponiya Liberal Demokratik Partiyasının (LDP) sədri Sanae Takaitini səs çoxluğu ilə ölkənin 104-cü baş naziri seçiblər. Bununla da Takaiti Yaponiya tarixində ilk qadın baş nazir olub.

Bakupost.az TASS agentliyinə istinadla xəbər verir ki, parlamentdə təmsil olunmuş 465 deputatdan 237-si Takaitiyə səs verib. Onun əsas rəqibi - Konstitusiyalı Demokratik Partiyanın lideri Yosihiko Noda 149 səs toplayıb.

O, bu gün günün ikinci yarısında rəsmi şəkildə Yaponiyanın 104-cü baş naziri kimi and içəcək.

Takaiçinin seçilməsi keçmiş baş nazir Şigeru İşibanın istefasından sonra baş tutub. O, hakim Liberal Demokrat Partiyasının (LDP) lideri kimi baş nazir postuna namizəd göstərilmişdi.

Yeni hökumət formalaşarkən LDP sağ yönümlü “Yaponiya İnnovasiya Partiyası” (İşin) ilə koalisiya razılığı əldə edib. Bu ittifaq Yaponiyanın siyasətində sağa dönüş tendensiyasını daha da gücləndirəcək.

Takaiçi sadə ailədə doğulmuş, siyasi nəsildən gəlməyən bir siyasətçidir. O, bu zirvəyə öz gücü və inadkarlığı ilə yüksəlib. O, Yaponiyada “self-made woman” kimi qəbul edilir, yəni siyasi elitadan kənardan gəlib bu səviyyəyə çatan nadir qadın fiqurlardan biridir.

Takaiçi Liberal Demokrat Partiyasının liderlik yarışında keçmiş baş nazir Juniciro Koizuminin oğlu, 44 yaşlı Şinjiro Koizumini məğlub edib. Yaponiyada siyasi sülalələrə böyük hörmət olsa da, bu dəfə seçicilər təcrübəyə və sərt mövqeyə üstünlük veriblər.

Yaponoyanın yeni xanım lideri tez-tez özünü Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerə bənzədir. Lakin ekspertlər qeyd edirlər ki, iqtisadi siyasətdə onların yolları fərqlidir.

Tetçer dövründə dövlət xərclərini azaltmaq, faizləri artırmaq və sərt büdcə siyasəti aparmaqla tanınırdı. Takaiçi isə əksinə Şinzo Abenin “yumşaq monetar siyasətini” davam etdirmək, dövlət xərclərini artırmaq və iqtisadiyyatı stimullaşdırmaq tərəfdarıdır. O, hətta Yaponiyanın Mərkəzi Bankının faiz dərəcələrini qaldırmaq qərarını “axmaqlıq” adlandırmışdı.

Onun qələbəsindən sonra Tokio birjası "Nikkei" 225 indeksi 4,7% artıb, yen isə 1,7% ucuzlaşıb.

Takaiçi paradoksal fiqurdur, o, feminist baxışlara qarşı çıxır, lakin hökumətdə qadınların sayını artırmağı və Skandinaviya ölkələrinə yaxın nisbətə çatdırmağı vəd edir.

Onun şəxsi həyatı və maraqları da qeyri-adi sayılır. Gəncliyində rok qrupunda baraban çalıb, motosikletlə bütün Yaponiyanı gəzib, at yarışlarının həvəskarıdır. Bu xüsusiyyətləri ona Yaponiyada “müasir, lakin sərt xarakterli qadın” obrazı qazandırıb.

Siyasi baxışlarına gəlincə, Takaiçi radikal mühafizəkar mövqedədir. O, immiqrasiya siyasətinin sərtləşdirilməsini, “mədəni fərqləri olan insanların” ölkəyə qəbulunun yenidən nəzərdən keçirilməsini təklif edir.

O, həmçinin Yaponiyanın hərbi gücünü artırmaq, hətta nüvə silahı qadağasının yenidən müzakirə edilməsini istəyir. Çin və Rusiya ilə bağlı daha sərt mövqe tutan Takaiçi ABŞ-ın keçmiş prezidenti Donald Tramp kimi liderlərlə təhlükəsizlik və müdafiə məsələlərində yaxın əməkdaşlıq aparmaq niyyətindədir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar