Hindistanda "Sresan Pharmaceuticals" şirkəti tərəfindən istehsal edilən "Coldrif" öskürək siropunun qəbulu nəticəsində azı 20 uşaq həyatını itirib, beş uşağın vəziyyəti isə kritik olaraq qalmaqdadır.
Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, ölümcül öskürək sirop uşaqlarda kəskin böyrək çatışmazlığına səbəb olub. Bu da faciəli nəticələrə gətirib çıxarıb.
Aparılan istintaq zamanı "Coldrif" siropunun istehsalında 300-dən çox kobud pozuntu aşkar edilib. Dərmanın tərkibində yüksək toksik təsirə malik dietilen-qlikol maddəsi aşkarlanıb. Preparatda bu maddənin miqdarı icazə verilən həddən 50% artıq olub. Məlumatlara görə, şirkət istehsal xərclərini azaltmaq məqsədilə təhlükəsiz əczaçılıq komponentlərini bu zəhərli maddə ilə əvəz edib.
Faciə ilə əlaqədar "Sresan Pharmaceuticals" müəssisəsi artıq fəaliyyətini dayandırıb. Şirkət rəhbərliyinə ehtiyatsızlıqdan adam öldürmə, dərmanların saxtalaşdırılması və əczaçılıq məhsullarının buraxılması barədə qanunun pozulması ittihamları irəli sürülüb.