Ru
13:33 / 12 İyun 2026

Bu rayonlarda ehsan ləğv olunub - SİYAHI

Bu rayonlarda ehsan ləğv olunub - SİYAHI
Eye

Azərbaycanda yas mərasimlərinin təşkili, xüsusilə dəbdəbəli ehsan süfrələrinin açılması uzun illərdir cəmiyyətdə ən çox müzakirə mövzulardan biridir. Son dövrlərdə isə ölkənin müxtəlif bölgələrində israfçılığın qarşısını almaq və yas sahibinin maddi yükünü azaltmaq məqsədilə kütləvi ehsan süfrələrinin ləğv edilməsi geniş yayılıb.

Bakupost.az Metbuat.az-a istinadla xəbər verir ki, son illər yas çadırlarının sanki bir rəqabət meydanına çevrilməsi cəmiyyətdə ciddi narazılıq doğururdu. Bu problemin həlli üçün artıq regional səviyyədə qətiyyətli addımlar atılır və bir çox rayonlarımızda dəbdəbəli ehsan süfrələri tarixə qovuşur.

Azərbaycanda ehsan məsələsində ən dayanıqlı nümunəni Naxçıvan Muxtar Respublikası nümayiş etdirir. Naxçıvanda hələ illər öncə tətbiq edilən daxili qaydalara əsasən, yas mərasimlərində kütləvi yemək verilməsi ənənəsi tamamilə aradan qaldırılıb. İnzibati və sosial dəyişikliklərdən asılı olmayaraq, bölgə əhalisi bu gün də həmin qaydalara ciddi şəkildə riayət edir; yas yerlərində insanlara sadəcə çay və çayın yanında xurma, halva təklif olunur.

Naxçıvanın uğurlu təcrübəsi və cəmiyyətdən gələn kütləvi çağırışlar son illərdə respublikanın digər bölgələrini də hərəkətə gətirib. Yerli daxili qərarlar, rayon ağsaqqalları, din xadimləri və icma nümayəndələrinin ortaq rəyi ilə dəbdəbəli ehsan süfrələrindən imtina edən rayonların sayı sürətlə artır.

Son dövrlərdə bu qərarı rəsmən elan edən və ya ciddi şəkildə icra edən rayonlar bunlardır:

Quba rayonu: Rayon ziyalıları, din xadimləri, qazilər və ağsaqqalların iştirakı ilə keçirilən iclasda qubalılar yas məclislərini yalnız çay süfrəsi ilə təşkil etmək barədə ortaq qərar qəbul ediblər.

Qax rayonu: Rayon mərkəzini və bütün kəndləri əhatə edən xüsusi qərarla yas mərasimlərində yemək süfrələrinin açılması tamamilə dayandırılıb.

İmişli rayonu: Rayon kəndlərində və mərkəzdə din xadimlərinin də dəstəyi ilə təmtəraqlı ehsanlar yığışdırılıb, mərasimlərin yalnız çay, xurma və halva ilə keçirilməsi ənənəsi formalaşıb.

Sabirabad, Saatlı və Kürdəmir rayonları: Bu aran rayonlarında da yerli icmaların təşəbbüsü ilə ehsan süfrələrində yemək verilməsi dayandırılıb və sadəliyə üstünlük verilməyə başlanıb.

Sumqayıt şəhəri: Böyük sənaye şəhərlərindən olan Sumqayıtda da israfçılığın qarşısını almaq məqsədilə dəbdəbəli ehsan məclislərinin çay süfrəsi ilə əvəzlənməsi prosesinə başlanılıb. Amma şəhərdəki mərasim evlərində dədbdəbəli yas məclislərinin təşkil edilməsi hallarına da rast gəlinir.

Bunlardan əlavə, Şamaxı, İsmayıllı, Oğuz, Ağsu, Biləsuvar, Samux və Balakən rayonlarının bir çox kənd və qəsəbələrində yerli rəhbərlik, bələdiyyələr və kənd ağsaqqalları sakinlərə bu barədə ciddi tövsiyələr verirlər. Bir çox ərazilərdə bu tövsiyələr artıq yazılmamış qanun statusu alıb. Yas sahibinə maddi ziyan vurmamaq üçün kənd nümayəndələri və din xadimləri əvvəlcədən ailə ilə danışaraq süfrəyə yalnız çay qoyulmasını təmin edirlər. Bu müsbət tendensiyanın yaxın gələcəkdə digər böyük şəhərləri və paytaxtı da əhatə edəcəyi gözlənilir.

Şərhlər
  • Vəlibəyova Şella

    Allah hamının ölüsünə rəhmət eləsin. Yaxşı olar ki ölünü yumaqdan,dəfn etmək üçün bir qariş torpağa qoyulan qiymətdən danişib müzakirə edəsiniz. Vay kasıbın halına. Ehsan yeyənlərin çoxu güçü çatan qədər ehsan sahibinə yardım edir .Elin adət ənənəsini ləğv etməkdənsə bələdiyyənin,qəbiristan sahiblərinin qoyduğu qiymətlərə qarşı ölçü götürün

  • Elnur

    Bu "din xadimləri", " ağsaqqallar" niyə Bakının mərkəzində yerləşən Heydər məscidi, Təzə-pir və digər yerlərdə ehsanı niyə ləğv etmirlər? Çiyələk belə verilir ehsanda))

  • Fariz

    Deməli molla rejimi illərdir bu israfçılığı aradan qaldırmağa səy göstərməyib.Çünki onlarında işinə gəlirdi 7 gün molla üçün iş yeri pulsuz yemək pay,ödənişli yasin.

  • Etoş

    Sumqayıtda qubadlılar yerazlar imkan verməzlər ehsan ləğv olunsun

  • Ceyhun Selimov

    Agsu rayonundada yoxdu

  • BABAYEV MƏNSUR.

    ÇOX GÖZƏL QƏRARDI,ÜMUMİYYƏTLƏ HƏR YERDƏ HƏR BÖLGƏDƏ İSRAFÇILIĞIN QARŞISI ALINMALIDIR ÖLÜ YİYƏSİ DƏRD İÇİNDƏ BİLMİR NƏ ETSİN AMMA BƏZİ İNSANLAR QARNIN HAYINDADIR. EHSANIN RƏHMƏTƏ GEDƏNƏ ZƏRRƏ QƏDƏRDƏ XEYRİ YOXDUR

  • Əli Məmmədov

    Məncədə

  • Heydər Məmmədov

    Qobustanın Yekəxana kəndində 2018 çi ildən yas götürülüb. Kənd ağsaqqalları bu sahədə mühüm rol oynamışdır.

  • Bəhramlı Emin

    Bəs nəyə görə paytaxt Bakıda bu qadağa tətbiq olunmur? Mərasim evlərində açıq aşkar özbaşnalıqdır. Bir məclisdə istifadə olunmayan bəzi qalıcı ərzaq məhsullarını, bir neçə məclis sahiblərinə menyuya daxil edib pulunu alırlar. Məsələn konfet, xurma, quru meyvə, çərəzlər.. Din iman yaddan çıxıb artıq...

  • Anar huseynov

    Olu yiyesi camaatin qarnını doyursun ya olsun yasin tutsun bu yeyib icmeyi yigidirmag lazim idi onsuz gecde olsa yaxsi oldu yeyib icmeyi yigidirmag cay sufersi yene yaxsidi vallah cay ver getsin

  • müsəlman

    ölüsünə dəbdəbəli ehsan vermək ancaq SSRİ ərazisində olan müsəlmanlarda olub. 291096

  • Gunay

    Bütövlükdə Azerbaycanda ləğv etmək lazımdır

  • Natiq Hüseynov.

    Savab qazanmaq istəyənlər minlərlə kimsəsizlərlə maraqlansinlar, onlara kömək etsinlər.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar