İstehlak krediti götürən şəxsə zamin duranlara yeni borc limiti qoyulub.
"Bakupost" Trend-ə istinadla xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov müvafiq qərar imzalayıb.
Qərara əsasən, istehlak krediti üzrə təminat qismində zaminlik çıxış etdikdə zaminin borcun gəlirlərə nisbəti (BGN əmsalı) 70 faizdən artıq olmamalıdır.
Bu o deməkdir ki, istehlak krediti götürən şəxsə zamin duran şəxsin borcunun gəlirlərinə nisbəti 70 faizdən çox olmamalıdır.
Sadə dillə desək, zaminin aylıq borc ödənişləri onun gəlirlərinin 70 faizini keçməməlidir. Məsələn, zaminin aylıq gəliri 1 000 manatdırsa, borc ödənişləri 700 manatdan artıq olmamalıdır. Belə olduğu təqdirdə, həmin şəxslər zamin qismində çıxış edə bilməyəcəklər.
Bu tələb oktyabrın 10-dan sonra yaranmış kredit tələblərinə şamil ediləcək.
Məlumat üçün bildirək ki, aşağıdakı hallar istisna olmaqla istehlak krediti BGN əmsalı 70 faizdən çox olmayan borcalanlara verilir:
milli valyutada istehlak kreditlərinin təminatı qismində eyni bankda olan depozitlər (borcalana və ya üçüncü şəxsə aid) çıxış etdikdə kreditin təminata olan nisbəti (KTN əmsalı) 100%-dən, digər birinci qrup təminatlar çıxış etdikdə KTN əmsalı 90%-dən, banka saxlanc girovu kimi qoyulmuş qiymətli metallar (bank metalları istisna olmaqla) çıxış etdikdə KTN əmsalı 70%-dən çox olmadıqda;
xarici valyutada istehlak kreditlərinin təminatı qismində eyni bankda xarici valyutada olan depozitlər (borcalana və ya üçüncü şəxsə aid), yaxud digər birinci qrup təminatlar çıxış etdikdə KTN əmsalı 90%-dən çox olmadıqda.
Limiti borcalanın vergidən sonra xalis gəlirlərinin 5 mislindən artıq olan istehlak krediti xətlərinin məcmu miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 1 faizindən artıq olmamalıdır.
Hesablama zamanı yuxarıda nəzərdə tutulmuş təminatlarla təmin edilmiş kredit xətləri istisna olmaqla borcalanın bütün kredit təşkilatları qarşısındakı öhdəlikləri nəzərə alınır.