Azərbaycan Respublikasında fiziki imkanları məhdud olan və xüsusi nəqliyyat vasitəsinə ehtiyacı yaranan şəxslərin dövlət tərəfindən pulsuz minik avtomobili ilə təmin olunması mexanizmi mövcuddur. Bu sosial dəstək tədbiri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən həyata keçirilir.
"Bakupost" “Yeni Sabah”a istinadla xəbər verir ki, pulsuz avtomobillə təminat nəqliyyat vasitəsini idarə etməyə tibbi əks-göstərişi olmayan və hərəkət-dayaq sisteminin funksiyasının pozulması səbəbindən xüsusi nəqliyyata ehtiyacı olan aşağıdakı şəxslərə şamil edilir:
Vətən Müharibəsi əlilləri və Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; pizza hut
20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslər;
Çernobıl AES qəzası nəticəsində və ya digər radiasiya qəzaları zamanı əlilliyi müəyyən olunmuş şəxslər;
1941–1945-ci illər müharibəsi əlilləri və onlara bərabər tutulanlar;
Xidmət vəzifələrini icra edərkən və ya hərbi qulluq zamanı əlil olmuş şəxslər;
Anadangəlmə və ya xəstəlik, zədələnmə nəticəsində dayaq-hərəkət aparatı funksiyasını itirmiş (orqanizmin funksiyasının pozulması 61–100% təşkil edən) digər əlilliyi olan şəxslər.
Əlilliyin qiymətləndirilməsi sistemində aparılan islahatlara əsasən, əvvəlki I, II və III dərəcə əlillik anlayışları orqanizmin funksiyalarının pozulması faizləri ilə əvəz olunub. Buna uyğun olaraq, avtomobil təminatı dayaq-hərəkət aparatı funksiyasının 61–80% və 81–100% pozulması təsdiqlənmiş şəxslərə verilir. Avtomobil paylanması elektron növbəlilik sistemi əsasında həyata keçirilir.
Qanunvericiliyə əsasən, Vətən Müharibəsi əlillərinə, ölkənin ərazi bütövlüyü uğrunda əlil olmuş şəxslərə və 20 Yanvar əlillərinə növbədənkənar və ya birinci dərəcəli üstünlük verilir. Digər kateqoriyadan olan şəxslər isə ümumi növbəlilik qaydasında təmin edilirlər.
Tələblər və şərtlər:
Tibbi rəy: Şəxs Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən nəqliyyat vasitəsini idarə etməyə tibbi əks-göstərişin olmaması və xüsusi avtomobilə ehtiyacın bulunması barədə rəsmi rəy almalıdır.
Mülkiyyət rejimi: Dövlət tərəfindən təqdim edilən avtomobilin satılması, bağışlanması və ya özgəninkiləşdirilməsi qadağandır. Şəxs vəfat etdikdə nəqliyyat vasitəsi onun varislərinin mülkiyyətinə keçir.
Kompensasiya: Avtomobil almaq üçün növbədə duran müvafiq kateqoriyadan olan müharibə əlillərinə maşın təqdim edilənədək nəqliyyat xərclərini qarşılamaq üçün aylıq pul kompensasiyası ödənilir.