ABŞ-da Laym xəstəliyinə səbəb olan bakteriyanın daha ağır simptomlarla müşahidə olunan yeni növünün yayılması qeydə alınıb. Mütəxəssislər bildirirlər ki, əvvəllər yalnız məhdud ərazilərdə rast gəlinən infeksiya artıq yeni ştatlarda da aşkarlanır və yoluxanlarda yüksək hərarət, güclü baş ağrıları və digər ciddi əlamətlər yarada bilir.
Bakupost.az Demokrat.az-a istinadla xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) məlumatına görə, Laym xəstəliyinin nadir forması hesab olunan "Borrelia mayonii" bakteriyası artıq Nyu-York ştatında da yerli sakinlər arasında aşkarlanıb. Bundan əvvəl bu bakteriya əsasən ABŞ-ın iki ştatında qeydə alınmışdı.
Mayo Klinikasının alimlərinin araşdırmalarına əsasən, "Borrelia mayonii" insan orqanizmində adi Laym xəstəliyinə səbəb olan bakteriyalardan xeyli fərqli davranır. Belə ki, bu bakteriyanın qanda konsentrasiyası ənənəvi növlərlə müqayisədə təxminən 1000 dəfə yüksək ola bilir. Bu da xəstəliyin daha ağır keçməsinə səbəb olur.
Mütəxəssislərin sözlərinə görə, infeksiyaya yoluxan şəxslərdə bədənin müxtəlif nahiyələrinə yayılan iri qırmızı səpgilər, yüksək hərarət, şiddətli baş ağrıları, ürəkbulanma və qusma kimi əlamətlər müşahidə edilir. Bəzi hallarda isə gözlərdə ikigörmə, güclü halsızlıq və həddindən artıq yuxululuq kimi nevroloji simptomlar da meydana çıxır.
Xəstəlik əsasən meşəlik və kolluq ərazilərdə yaşayan maral gənələrinin dişləməsi nəticəsində insanlara keçir. Həkimlər xüsusilə yay aylarında təbiətdə vaxt keçirən şəxslərə ehtiyatlı olmağı tövsiyə edirlər.
Bununla belə, ekspertlər bildirirlər ki, infeksiya erkən mərhələdə aşkarlanarsa, standart antibiotik müalicəsi ilə uğurla sağaltmaq mümkündür. Mütəxəssislər açıq havada uzun müddət qalan şəxslərə qoruyucu geyimlərdən istifadə etməyi, gənə əleyhinə vasitələr tətbiq etməyi və təbiətdən qayıtdıqdan sonra bədənlərini diqqətlə yoxlamağı məsləhət görürlər.