ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı ilə bağlı yaranmış böhranla əlaqədar NATO müttəfiqlərinə qarşı sərt çıxış edib. O, hərbi yardım çağırışına müsbət cavab verməyən alyans ölkələrini açıq şəkildə “qorxaqlar” adlandırıb və bu mövqenin yadda saxlanılacağını bildirib.
Bakupost.az xəbər verir ki, Tramp “Truth Social” platformasında paylaşdığı açıqlamada NATO-nun ABŞ olmadan zəif olduğunu vurğulayaraq, İranın bölgədə yaratdığı təhlükəyə qarşı mübarizədə müttəfiqlərin iştirak etmək istəmədiyini qeyd edib. Onun sözlərinə görə, enerji qiymətlərinin artmasından şikayət edən Avropa ölkələri eyni zamanda problemin əsas səbəblərindən biri olan Hörmüz boğazı üzərində nəzarətin bərpası üçün hərbi əməliyyatlara qoşulmaqdan yayınır.
ABŞ lideri daha əvvəl bu məsələ ilə bağlı Avropanın dəstəyinə ehtiyac olmadığını bildirsə də, sonradan mövqeyini dəyişərək NATO və digər müttəfiqləri bölgəyə hərbi gəmilər göndərməyə çağırmışdı. Lakin bir sıra ölkələr bu çağırışı ya açıq şəkildə rədd edib, ya da diplomatik formada iştirakdan yayınıb.
Trampın ritorikasının sərtləşməsi xüsusilə diqqət çəkir. O, paylaşımında “Onlar üçün bu, çox asandır və risk çox azdır. QORXAQLAR. Bunu unutmayacağıq” ifadələrini işlədib.
Qeyd edək ki, NATO daxilində bu məsələ ətrafında fikir ayrılıqları davam edir. Böyük Britaniya, Fransa, Almaniya və digər ölkələr Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinə töhfə verməyə hazır olduqlarını bildirsələr də, bunun münaqişənin gedişindən asılı olduğunu vurğulayıblar.
Strateji əhəmiyyətə malik Hörmüz boğazı dünya üzrə xam neft və LNG daşımalarının təxminən 20%-nin keçdiyi əsas marşrut hesab olunur. Bölgədə fevralın sonundan bəri davam edən gərginlik səbəbindən bu marşrutun faktiki bağlanması qlobal enerji bazarlarında qiymət artımına və iqtisadi narahatlıqların güclənməsinə səbəb olub.
Cavid, BakuPost