Ru
09:53 / 03 Dekabr 2025

Bunun bircə adı var: İnsanlığın çöküşü!

Bunun bircə adı var: İnsanlığın çöküşü!
Eye

Mehriban Vəzir

Çöküş!

Hakimiyyətlərin öz tənqidçiləri ilə davranışı məlum. Tarixdə bunun misilsiz vəhşi nümunələri var. Elə günümüzdə də var, gözümüzün önündə tənqidçi birini (Qaşıqçı) əridib uddular. Dünya tamaşa etdi. Dünyanın əlindən nə gəlir ki? O da bizim qədər acizmiş...

Tənqidçi jurnalist Fatih Altaylının bu günlərdə məhkəməsi oldu. Nə qədər ədalətsiz bir qərar verdi məhkəmə... bu da dünyanın görmədiyi bir iş deyil. Lakin bu məhkəmədə əcaib bir iş oldu. Ki, məncə, dünya beləsini görməmişdi.

Bildiyiniz kimi, Fatih Altaylı həbsdən belə yutub çıxışlarını köməkçiləri, vəkilləri araçılığı ilə davam etdirirdi. O çıxışlardan birində məhbəsdə ən çox özlədiyi şeylərdən danışmışdı. Bir də "canım tost çəkir" demişdi.



Məhkəmə başladı, oldu bitirdi... qərar oxunacaqdı... bu vaxt məhkəmə heyətinə tost və çay paylanmış... hakim qərarı oxuya-oxuya heyət çay içir, tost yeyirmiş...

Sözün bitdiyi yer!

Bir vəkildən soruşdum: məhkəmə gedə-gedə heyətin tost yeyib çay içməsi görünülür, işmi? Duruxdu. Qaşları çatıldı. Dedi, görməmişəm, eşitməmişəm.

Sonra bir psixoloqa əhvalatı - sizə danışdığım kimi - danışıb soruşdum, belə bir şey eşitmisinizmi? Bu, nəyin göstərgəsidi? O da əvvəlcə duruxdu. Sonra qaşları çatıldı. Rəngi-ruhu qaçdı. Bir xeyli fikrə getdi və cavab vermədi.
Dedim, qoy mən cavab verim:
Bunun adı insanlığın çöküşü!
Razılaşdı.

Əlbəttə, bu, məhkəmə heyətinə yuxarıdan gələn bir göstərişdir.
Kimin göstərişidir? Bilmirəm. Lakin hamının bildiyi bir gerçəyi bilirəm: ədaləti, hüququ, məhkəməni, hakimi, savcını, polisi - adı dövlət olan hər şeyi təsbehində şaqqıldadan, cılız həzzlərlə yaşayan birilərinin.
Əmr verənin aşağılıq həzzi. İcra edənin heçliyi.
Belə ödəvi verənin və yerinə yetirənin əyarı - əyarsızlığı ortada.

Fatih tost özləmiş, gözü önündə tost yeyin, yandırın, yaxın...
Cılız həzzə bax!
Çöküşə bax!
Çöküşə varmışların yüksəklərə varmasına bax!

Bu əmrlə və bu icra ilə məhkəmə tarixində olmayan bir iş oldu: alçaq bir ilkə imza atıldı. O müdhiş anda - haqsız yerə bir insan taleyi ilə oynanılan anda əmrlə boğazından tost keçənlərin edəcəyi elə bu olmalı idi.

Bu olay mənə, Fatih Altaylının həbsindən, 6-7 aydan bəri mühakiməsiz yatırılmasından, sonra 4 il, 2 ay azadlıqdan məhrum edilməsindən betər təsir etdi.
Çünkü olay, sadəcə, hüququ əllərində dəyənək edənlərin ədalətsizliyi deyildi.
Dövlətləri idarə edənlərin və icraçıların mənəvi çöküşü idi.
Nəhayət, insanın "Allah, Allah" deyə-deyə Allahı danması idi.

Bunun bircə adı var: İnsanlığın çöküşü!


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar