ABŞ-də Donald Trump administrasiyasının İranla bağlı hazırladığı yeni hərbi planlar Orta Şərqdəki gərginliyi kritik bir mərhələyə daşıya biləcək təfərrüatları ortaya çıxarıb.
“Bakupost” xəbər verir ki, bu barədə “CNN International” kəşfiyyat və hərbi planlaşdırmalara yaxın mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Vaşinqton rəhbərliyi İranın enerji bazasını və nüvə proqramı ilə əlaqəli obyektləri hədəf alan yeni hücum variantları nəzərdən keçirir.
Sözügedən hərbi planlar arasında ən diqqətçəkən məqam ABŞ ordusunun arsenalındakı ən böyük nüvə olmayan konvensional bomba GBU-43/B Massive Ordnance Air Blast (MOAB) – yəni xalq arasında tanınan adıyla “Bütün bombaların anası” silahının istifadəsi ehtimalıdır.
Silahın xüsusiyyətləri: GPS güdümlü bu nəhəng silah təxminən doqquz şəhər blokuna bərabər geniş bir ərazidə dağıdıcı təsir yaratmaq üçün nəzərdə tutulub.
Psixoloji və hərbi təzyiq: Hərbi ekspertlər MOAB-ın daha çox geniş əraziləri təmizləmək və ya yerin altındakı möhkəmləndirilmiş hədəflər üzərində psixoloji təzyiq yaratmaq məqsədilə gündəmə gətirildiyini qeyd edirlər. Bəzi analitiklər isə bu fikirlə razılaşmır, bombanın bunker əleyhinə başlığı olmadığını bildirirlər.
Mənbələr bildirir ki, bu yeni hərbi paketlər Donald Trampın bölgədə böyükmiqyaslı əməliyyatların bərpasına qərar verəcəyi təqdirdə sürətlə işə salına bilər. Sözügedən ssenarilərin ABŞ-dəki siyasi proseslər və ara seçkiləri fonunda Təhranı geri addım atmağa məcbur etmək üçün təzyiq aləti kimi qiymətləndirildiyi də ehtimal olunur.
Bilal,
BakuPost